Ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) cari ilin üçüncü rübü üzrə maliyyə hesabatı göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 575,6 milyon manat, faiz xərcləri 95,9 milyon manat olub.
Faiz gəlirləri 100 milyon dollar artıb
Faiz gəlirləri illik müqayisədə 172,8 milyon manat (42,9%), xərcləri isə təxminən 36,8 milyon manat (62,3%) artıb.
Beləliklə xalis faiz gəlirləri 479,6 milyon manat manat təşkil edib. Bu da illik müqayisədə 136 milyon manatdan çox (39,6%) artım deməkdir.
Qeyri faiz gəlirləri 164,5 milyon manat, xərcləri isə 255,3 milyon manat təşkil edib. Gəlirlər 31,3 milyon manat (23,5%), xərclər isə 60,2 milyon manat (30,9%) artıb.
Bundan başqa haqq və komissiya gəlirləri təxminən 99,3 milyon manat olub.
İnzibati xərclərin həcmi isə 17,9 milyon manata yaxın, amortizasiya xərcləri isə 21,8 milyon manat təşkil edib
251 milyon manat xalis mənfəət!
Bununla da ölkənin böyük bankı cari ilin üçüncü rübünü 84,9 milyon manat mənfəət vergisi ödənişindən 250 milyon 865 min manat xalis mənfəətlə başa vurub. İllik müqayisədə xalis mənfəət 19,5% artıb. Belə ki, keçən ilin sonunda bank 209 milyon 914 min manat mənfəət əldə etmişdi.
Azərbaycan Beynəlxalq Bankının aktivləri cari ilin 3-cü rübü üçün 11 milyard 434,7 milyonn manat təşkil edib.
Aktivlərin 2,4 milyard manatını nağd pul vəsaitləri təşkil edir. Qiymətli kağızlara investisiyaların həcmi isə 2,3 milyard manat olub.
Kredit portfeli 9 ayda 1 milyard manat yaxın böyüyüb
2023-cü ilin 3-cü rübünün sonuna ABB-nin kredit portfeli daha 958,4 milyon manat, yaxud 27,1% artaraq 4,5 milyard manata yüksəlib.
Kredit portfelinin 2,1 milyard manatı biznes, 1,3 milyard manatı istehlak, 1,1 milyard manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb. İstehlak kreditləri 304,9 milyon manat (31,3%), daşınmaz əmlak kreditləri 204,1 milyon manat (22,2%), biznes kreditləri isə 449,4 milyon manat (27,4%) artıb.
Beynəlxalq Bankın öhdəlikləri 9,7 milyard manat təşkil edib ki, bu gösətirici 2022-ci ilin son rübü ilə müqayisədə 2,7 milyard manat, yaxud 21,6 azalma deməkdir.
Ölkədə ən böyük depozit portfelinə malikdir
3-cü rübün sonuna Bankın depozit portfeli 8,3 milyard manat həcmində olub. Bunun 2,1 milyard manatını fiziki şəxslərin depoziti, 6,2 milyard manatını hüquqi şəxslərin depoziti təşkil edib.
Fiziki şəxslərin depozitləri 152 milyon manat (8%) artıb
Kapitalı 1 milyard dollara çatır
Yanvar sentyabr aylarının yekunu olaraq Bankın kapitalında artım baş verib. ABB-nin kapitalının həcmi təxminən 1,7 milyard manat təşkil edib. Bu göstərici keçən ilin son rübü ilə müqayisədə 77,8 milyon manat, yaxud 4,8% artıb.
Bölüşdürülməmiş mənfəətin həcmi 94,2 milyon manat (44,6%) artaraq 305,4 milyon manata yüksəlib.