Azərbaycan Beynəlxalq Bankının (ABB) məslətçisi kimi çıxış edən, Bermud adalarında qeydiyyatdan keçən "Lazard Freres and White & Case LLP" konsaltinq və aktivlərin idarə edilməsi şirkəti analoji xidmətləri vaxtı ilə Qazaxıstanın "BTA" bankına da göstərib. "Bloomberg" agentliyi xəbər verir ki, 2010-cu ildə bu şirkət "BTA" bankının 16,7 mlrd. ABŞ dolları həcmində borcunun restrukturizasiyası zamanı kreditorların 92%-nin razılığını almağa müvəffəq olub. "BTA" daha sonra ikinci dəfə defolt elan edib və 2014-cü ildə "Kazkommerzbank" tərəfindən satın alınıb. Lakin "BTA" bankının problemli kreditləri "Kazkommerzbank"ın maliyyə vəziyyətinə mənfi təsiri onu Mərkəzi Banka müraciət edərək 2,4 trln. tenge (7,7 mlrd. ABŞ dolları) tələb etməsinə səbəb olub.
Agentlik bildirir ki, Azərbaycan tərəfi mayın 23-də Londonda ABB-nin kreditorları ilə keçirəcəyi görüşdə "konsensus" axtaracaq. Belə ki, Londonda yerləşən "Bluebay Asset Management" maliyyə şirkətinin inkişaf etməkdə olan bazarlar üzrə strateji mütəxəssisi Timoti Aş (Timothy Ash) hesab edir ki, Azərbaycan hazırda beynəlxalq maliyyə və kapital bazarlarına çıxışa ehtiyacı o vaxtkı Qazaxıstanın ehtiyacından daha çoxdur.
Qeyd edək ki, mayın 15-də ABB-nin kredit reytinqi "Moody's" beynəlxalq reytinq agentliyi tərəfindən "Caa3" səviyyəsinə endirilib. Agentlik bildirib ki, restrukturizasiya planı çərçivəsində kreditorların itkiləri 20%-i keçəcək.