2025-ci ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi öhdəlikləri 49 milyard 182 milyon manat təşkil edib. Bankların xarici valyutada olan öhdəlikləri isə 17 milyard 87,3 milyon manata bərabər olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların cəmi öhdəlikləri ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 927,4 milyon manat (13,7%), ötən ilin sonuna nəzərən 2 milyard 799 milyon manat (6%), aylıq müqayisədə isə 214,2 milyon manat (0,4%) artıb.
Bankların xarici valyutada öhdəlikləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 636,5 milyon manat (10,6%), ötən ilin sonuna nəzərən 466,1 milyon manat (2,8%) artıb, lakin aylıq müqayisədə 234,2 milyon manat (1,3%) azalıb.
Öhdəliklərin əsas hissəsini təşkil edən depozit portfeli (maliyyə institutları istisna olmaqla) illik 1 milyard 689 milyon manat (4,9%) artaraq 36 milyard 62,9 milyon manata çatıb. Bu portfelin 14 milyard 164,7 milyon manatı xarici valyutada olub ki, bu da illik 594,3 milyon manat (4,4%) artım deməkdir.
Depozit portfelinin daxili bölgüsündə ən kəskin artım fiziki şəxslərin əmanətləri hesabına baş verib. Belə ki, fiziki şəxslərin depozitləri illik 1 milyard 579,5 milyon manat (11,3%) artaraq 15 milyard 549 milyon manata yüksəlib. Bu vəsaitlərin 4 milyard 938,8 milyon manatı xarici valyutadadır ki, burada da illik 185,7 milyon manat (3,9%) artım var.
Bunun əksinə olaraq, hüquqi şəxslərin depozitlərində artım daha mülayim olub. Şirkətlərin banklardakı vəsaitləri illik cəmi 109,6 milyon manat (0,5%) artaraq 20 milyard 513,9 milyon manata çatıb. Bu depozitlərin 9 milyard 225,8 milyon manatı xarici valyutadadır ki, burada da illik 408,6 milyon manat (4,6%) artım qeydə alınıb.
Bankların digər öhdəlikləri arasında ən kəskin artım “digər passivlər” maddəsində baş verib. Bu maddə üzrə öhdəliklər bir ildə iki dəfədən çox artaraq (+2,6 milyard manat) 5 milyard 94,6 milyon manata çatıb. Həmçinin digər maliyyə institutlarından cəlb edilən kreditlər də illik 762,1 milyon manat (22,8%) artaraq 4 milyard 110,5 milyon manata yüksəlib.
Eyni zamanda, bankların maliyyə institutlarındakı depozitləri də illik 315,2 milyon manat (17,2%) artaraq 2 milyard 142,2 milyon manata çatıb.
Xatırladaq ki, bankların cəmi öhdəlikləri bu ilin oktyabrın 1-nə 48 milyard 967,8 milyon manat, ötən ilin sonunda 46 milyard 383 milyon manat, 2024-cü ilin noyabrın 1-nə isə 43 milyard 254,6 milyon manat təşkil edib.











