29 fevral 2024-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 48 milyard 735,67 milyon manat məbləğində qiymətləndirilir.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2023-cü il tarixinə bankların aktivləri 49 milyard 178,19 milyon manat məbləğində olub. Beləliklə, 2024-cü ilin yanvar-fevral aylarında bankların aktivləri 0,9% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” xəbər verir
Fevral ayında bankların aktivləri 561,1 milyon manat artıb (yanvar ayında +118,6 milyon manat).
Yanvar-fevralda bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 2022-ci ilin sonu ilə müqayisədə 1,9% - 6 milyard 266,3 milyon manata qədər azalıb.
Fevralın sonuna bankların kredit portfeli 23 milyard 833 milyon manat (artım 2,8%) təşkil edir.
Bankların ümumi kapitallaşması 6 milyard 187,25 milyon manat (artım 2%) təşkil edir.
Bankların öhdəlikləri 42 milyard 548,4 milyon manata (azalma 1,3%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 47,1 milyon manat məbləğində (dəyişməyib) qiymətləndirilir. Banklarda depozit portfeli 34 milyard 959,3 milyon manat (artım 1,2%), o cümlədən əhalinin əmanətləri 13 milyard 3,6 milyon manat (artım 3,3%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında bankların ümumi xalis mənfəəti 209,84 milyon manat təşkil edib (2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə artım 34,7% - İF).
Hesabat dövründə bankların faiz gəlirləri 641,7 milyon manat (artım 16,8%), o cümlədən verilmiş kreditlər üzrə 482,19 milyon manat (artım 19,1%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 269,55 milyon manat məbləğində (artım 51,5%) olub.
Bu dövrdə bankların faiz xərcləri 172,47 milyon manat (artım 28,7%), o cümlədən depozitlər üzrə 125,46 milyon manat (artım 30,3%), qeyri-faiz xərcləri 427,8 milyon manat (artım 29,5%) təşkil edib.
Hesabat dövründə bank sektorunun əməliyyat mənfəəti 298,27 milyon manat (artım 19%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 257,98 milyon manat (artım 29%), mənfəət vergisi üzrə ödənişlər 48,1 milyon manat (artım 8,6%) məbləğində qiymətləndirilir.
29 fevral 2024-cü il tarixinə respublikada 23 bank fəaliyyət göstərir. Bu bankların 9-u (2023-cü ilin sonuna 9 bank) xarici kapitallıdır.
Bankların 475 filialı (2023-cü ilin sonuna olan göstərici ilə müqayisədə dəyişməyib) və 104 şöbəsi (2023-cü ilin sonuna 96) var.
Bank sektorunda 23 878 min nəfər (2023-cü ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,3% - İF) çalışır. (İnterfaks-Azərbaycan)