FED.az xəbər verir ki, Gürcüstanda dollarla biznes kreditləri ən yaxşı halda 7-9%, Azərbaycanda isə hazırda 14% ilə verilir. Amma Azərbaycan bankları dollar depzoitlərini də elə ən yaxşı halda 2% ilə götürürlər. Yəni, bankın faizin üzərinə ən azı 12% əlavə edib qazanmaq istəyi təbii ki, ədalətli deyil, ancaq reallıq budur.
Buna baxmayaraq, Azərbaycan bankından kredit alıb, Gürcüstanda iş quran azərbaycanlılar var. Səbəb isə onunla bağlıdır ki, Gürcüstan bankları bu ölkədə biznes fəaliyyəti olmayan başqa ölkənin vətəndaşına kredit vermir. Tam olaraq bizdəki kimi. Ona görə də Gürcüstanda biznes açmaq istəyən azərbaycanlı ilk növbədə burada kredit almağa və sonra onu müxtəlif vasitələrlə və üsullarla Gürcüstana yönəltməyə çalışır.
Nəzərə alsaq ki, bir həftə əvvələ qədər Gürcüstanda Azərbaycan bankları olan Paşa Bank və Azərbaycan Beynəlxalq Banklarının törəmə bankları çalışırdı. Beynəlxalq Bank Gürcüstan bazarından çıxdı. Hazırda Paşa Bank bu bazarda fəaldır.
Dollarını yerləşdirməyə yer tapmayan, hətta müxbir hesablarda 0,5% ilə vəsait yerləşdirən Azərbaycan banklarının Gürcüstan bazarına marağı necədir? Bu barədə Azərbaycan Banklar Asossiasiyasının prezidenti Zakir Nuriyev ilə danışdıq. Onun sözlərinə görə, hazırda Azərbaycanın bir bankının orada filialı fəaliyyət göstərir və bu mövcudluğun özü təbii ki, bazarın maraqlı olmasından irəli gələn bir məsələdir.
Mövzu ilə əlaqədar suallarımıza cavablar isə belə oldu.
- Zakir müəllim, Azərbaycanda çalışan banklar Gürcüstan bazarında işləmək istəyənlərə kredit verə bilirlərmi?
- Azərbaycanda mövcud olmaqla xaricə kreditvermə məhduddur. Ona görə ki, digər ölkədə kredit vermək üçün həm ölkənin vətəndaşının həm də Azərbaycanda qeydiyyatda olması lazımdır. Çünki eyniləşmə nömrələri və s parametrlərə ehtiyac var. Lakin başqa instrumentləri istifadə etməklə, deyək ki, qiymətli kağızlar və s. Gürcüstan, eləcə də digər ölkə bazarlarına vəsaitin yerləşdirilməsində iştirak etmək mümkündür.
Eləcə də bax: Filial müdiri məhkəmə zalında həbs edildi
- Gəlin, dediklərinizi bir qədər sadələşdirək. Deyək ki, sahibkarın Azərbaycanda müəsisəsi var, eyni zamanda Gürcüstanda biznes qurur və Azərbaycan banklarından vəsait götürür...
- Bu zaman gərək sahibkar vəsaitləri almaq üçün dediyim kimi, alətlərdən istifadə etsin – qiymətli kağızlar, səhmlər buraxsın. Eyni zamanda buradakı müəssisənin adına vəsaiti götürməklə Gürcüstandakı müəssisinə digər vasitələrlə pulu yönəldə bilər. İstənilən halda bu zaman banklar qarşısında borclu qismində yerli şirkət çıxış edəcək. Onu da qeyd edim ki, bu zaman kredit bir qədər baha başa gəlmiş də ola bilər.