Noyabrın sonuncu həftəsində bütün dünyada baş tutan «Qara cümə» - «Black Friday» gününü alış-veriş həvəskarları böyük maraqla gözləyir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «Black Friday» kampaniyasına Azərbaycan bankları da aktiv şəkildə qoşulublar. Banklar bu münasibətlə müştərilər üçün müxtəlif endirim kampaniyaları keçirir.
Həmin bankların kampaniya təkliflərini təqdim edirik:
Azərbaycan Beynəlxalq Bankı - «BLACK FRİDAY»DA QAZANC FÜRSƏTİ
Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı – ABB müştərilərinə yeni-yeni fürsətlər yaradan ABB “Black Friday” kampaniyasına start verib. Noyabrın 30-dək davam edəcək kampaniya zamanı müştərilərə TamKart debet Visa Classic, Mastercard Standard kartları, Azercell co-brand debet kartları, ABB Miles, ABB Miles Premium debet və kredit kartları güzəştli şərtlərlə təqdim olunur. Belə ki, TamKart debet Visa Classic, Mastercard Standard kartlarını kampaniya müddətində cəmi 5 manata əldə etmək olar. Yeni alınmış bütün Azercell co-brand debet kartlarında müştərilərə 7GB internet (600 bonus) hədiyyə verilir. 30 noyabr tarixinə qədər ABB Miles və ABB Miles Premium kartlarına da endirim tətbiq olunacaq. Belə ki, müştərilər ABB Miles kartını 20 AZN-ə, ABB Miles Premium kartını isə 120 AZN-ə əldə edə bilərlər.
TamKart debet və kredit kartları ilə onlayn alış-verişlərdə 100 manat və daha çox məbləğdə əməliyyatlardan əlavə 10 AZN keşbək qazana bilərsiniz. Eyni kartla maksimum 5 əməliyyat – 50 AZN keşbək qazanmaq imkanı var. Kampaniyada ilk 1000 kart iştirak edəcək.
«Bank Respublika» - «Möhtəşəm Cümə» kampaniyası
Sahiblərinə böyük həcmdə keşbek, uçuş milləri, danışıq dəqiqələri, mobil internet və kartdakı qalıq məbləğə görə faiz gəliri qazandıran NeoKart, Yeni il öncəsi müştərilərinə daha bir imkan yaradıb.
Belə ki, “Bank Respublika”nın start verdiyi MÖHTƏŞƏM kampaniya çərçivəsində NeoKart ilə ödəniş edənlər üçün “ƏDV Geri Al” 2 qat sərfəli olacaq! Bunun üçün, NeoKart sahibləri hər alış-veriş zamanı onlara verilmiş kassa qəbzinin üzərindəki QR kodu “Bank Respublika”nın “Mobil Şöbə”əlavəsində oxutmalı, yaxud fiskal kodu daxil etməlidirlər. Əlavə edilmiş qəbz üzrə məbləğ “ƏDV Geri Al” hesabının cari balansında əks olunduqdan 1 gün sonra müvafiq həcmdə bonus müştərinin NeoBonus balansına əlavə olunacaq.
Bundan başqa, NeoKart sahibləri Bank Respublikanın start verdiyi yeni lotereyada iştirak edərək pul mükafatları, smartfonlar, planşetlər və super hədiyyə olan Toyota RAV4 LOW 2.5L Hybrid avtomobili qazanmaq şansı da əldə edəcəklər.
«Unibank» – «Narıncı Cümə» kampaniyası
«Unibank» 25-28 noyabrda “Narıncı cümə” kampaniyasını keçirir.
Kampaniya şərtlərinə əsasən, Trendyol.com saytında alış-veriş zamanı Unibank kartları ilə edilən ödənişlər müştərilərə 5% keşbek, Albalı kredit kartı ilə ödəniş etdikdə isə əlavə olaraq 3 ay faizsiz, hissə-hissə ödəmək imkanı təqdim olunacaq.
Albalı kredit kartı ilə ödəniş (30 AZN - 500 AZN aralığında) edən zaman müştərilərə SMS vasitəsi ilə ödənişi 3 aya bölmək haqqında təklif göndəriləcək. Müştəri qeyd olunan qaydada cavab SMS-ni göndərərək, ödənişini 3 aya bölə biləcək.
Hər bir müştəri ay ərzində maksimum 50 AZN dəyərində keşbek (bu kampaniyadan qazanılan keşbeklər daxil) qazana bilər.
«Turanbank» - «Trendyol»da ticarət və kəşbək kampaniyası
TuranBank kartları ilə Trendyol onlayn ticarət platformasından alış-veriş etmək indi daha sərfəli olacaq. Belə ki, 22-30 noyabr tarixləri aralığında TuranBank kartları ilə Trendyol-dan edilmiş hər alış-veriş sizə kəşbək qazandıracaq. Kampaniya bütün növ kart (debet, kredit, depozit, Black edition) ödənişlərinə şamil olunur. Kampaniyanın şərtlərinə əsasən TuranBank kartları ilə həyata keçirilən ödənişlər zamanı ödənilən vəsaitin 5% hissəsi kart sahibinin hesabına geri qaytarılacaq.
«Bank of Baku» - «Black Friday» endirimləri
6 və 27 noyabr tarixlərində 30.000 AZN-dək nağd pul kreditini götürmək istəyən müştərilər komissiyaya 80 %, illik faiz dərəcəsinə 2 % faiz endirim əldə edəcəklər.
Kampaniyadan faydalanan şəxslər krediti növbəsiz, zaminsiz və
30 dəqiqəyə əldə edəcəklər. Kreditin illik faiz dərəcəsi isə min.14% təşkil edir.
«Yelo bank» - «Black Friday» – Zaminsiz, Komissiyasız Kredit və Endirimli Kartlar
Yelo Bank Black Friday münasibətilə çox sərfəli kampaniyalar elan edir. Yalnız 26 noyabrda Yelo Bank-da nağd pul krediti hər kəsə illik 14% və 0% komissiya ilə təklif olunur. Kredit üçün zamin tələb olunmur, sığorta və ya hər hansı əlavə xərc də yoxdur. Maksimal kredit məbləği 30 000 manatdır.
Əlavə olaraq, qalığa faiz, hər yerdə cashback, komissiyasız nağdlaşdırma kimi imkanlar verən Yelo Light və Premium kartlarını isə həmin gün 50% endirimlə ala bilərsiniz.
«Rabitəbank»da «Green Friday» kampaniyası
6 – 29 noyabr tarixlərində nağd pul krediti götürmək istəyən müştərilər aşağıdakı fürsətlərdən yararlana biləcəklər: Həm yeni, həm də dövri müştərilər “Rabitəbank”ın nağd pul kreditini heç bir sığorta komissiyası ödəmədən əldə edə bilərlər. Kreditin illik faiz dərəcəsi isə cəmi 13.5 % - dir, üstəlik kredit müddətindən asılı olmayaraq illik faiz dəyişilməz qalacaq. 36 ay müddətinədək təklif edilən nağd pul kreditinin maksimal məbləği 30000 AZN-dir.
«Naxçıvanbank» - MÖHTƏŞƏM ENDİRİM HƏFTƏSİ
24 Noyabrdan 30 Noyabradək Premium kart sifariş edənlər kartın dəyərinin 75%-dək endirim və nağdlaşdırma komissiyası üzrə 50% endirim qazanacaqlar. Üstəlik SMS bankinq də hədiyyə!
Mastercard Gold və VİSA Gold kartlarının dəyəri:
1 illik MC/VİSA Gold – 50 AZN – Endirimli qiymət – 20 AZN
2 illik MC/VİSA Gold – 80 AZN – Endirimli qiymət – 25 AZN
3 illik MC/VİSA Gold – 100 AZN – Endirimli qiymət – 35 AZN
Mastercard Platinum və VİSA Platinum kartlarının dəyəri:
1 illik MC/VİSA Platinum- 60 AZN – Endirimli qiymət – 20 AZN
2 illik MC/VİSA Platinum – 100 AZN – Endirimli qiymət – 25 AZN
3 illik MC/VİSA Platinum – 140 AZN – Endirimli qiymət – 35 AZN
«PAŞA Bank»da kampaniya
Həftə ərzində kiçik və orta biznes sahiblərinə 250 000 AZN-dək onlayn biznes kreditlərinə edilmiş endirimlərdən yararlanmağı təklif edir. 30 noyabr 2021-ci il tarixinədək davam edəcək endirim həftəsində onlayn biznes kreditlərinə müraciət edən sahibkarlar üçün birdəfəlik komissiya xərclərinə 25% endirim tətbiq olunacaq.
Endirimdən mövcud müştərilər, eyni zamanda bankda hesabı olmayan kiçik və orta sahibkarlar faydalana bilərlər. Bundan əlavə “PAŞA Bank” müştərisi olmayan biznes sahiblərinin kredit üzrə qərar əldə etmək üçün hesab açmasına ehtiyac yoxdur.