Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 18 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda dəyişiklik edib.
FED.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, likvidliyin örtülmə əmsalı məcmu halda və milli valyutada ayrılıqda 100 %-dən aşağı olan bankda ani likvidlik əmsalı 30 %-dən az olmamalıdır. İndiyə qədər, bu əmsal hesablanarkən xarici valyuta nəzərə alınırdı.
Həmçinin bundan sonra, bank likvidliyin örtülmə əmsalını məcmu halda və milli valyutada ayrılıqda hesablamalı, aşağıdakı cədvəldə müəyyən edilmiş hədlərdən az olmayan səviyyədə təmin etməlidir:
Bank ardıcıl 5 gün likvidliyin örtülmə əmsalı tələb olunan həddə əməl etmədikdə, növbəti 5 iş günü ərzində AMB-yə likvidlik mövqeyinin bərpası ilə bağlı tədbirlər planı təqdim edilməlidir. Plan likvidliyin örtülmə əmsalı üzrə bu Qayda ilə müəyyən edilmiş hədlərə əməl etmədiyi tarixdən başlayaraq 45 gündən çox olmayan müddəti əhatə etməlidir.
İndiyə qədər bank ardıcıl 30 gün ərzində həmin hədlərə əməl etməikdə, 31-ci gündən etibarən növbəti 5 iş günü ərzində AMB-yə likvidlik mövqeyinin bərpası ilə bağlı plan təqdim etməli idi. Eləcə də planda müəyyən edilmiş tədbirlərin müddəti 3 aydan çox olmamalı və tədbirlərin vaxtında icra edilməsinə nəzarəti Müşahidə Şurası təmin etməli idi.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.