Azərbaycan Mərkəzi Bankının (AMB) Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə Bakı Fond Birjasında (BFB) keçirilən hərracda tarixi göstərici qeydə alınıb.
FED.az xəbər verir ki, 6 mart 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50200779S dövlət qeydiyyat nömrəli, 50 mln manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərraca çıxarılan notların ümumi məbləği 50 milyon manat təşkil edib, hərraca zamanı 11 investor tərəfindən ümumilikdə 217 milyon 519,2 min manatlıq sifariş toplanıb. Başqa sözlə, sifarişlərin həcmi notların həcmini 4 dəfədən çox üstələyib. Amma daha maraqlı məqam təkliflərin qiymətindədir.
Sifarişlərdə qiymət intervalı 98.4381 AZN (6.80%) və 99.3245 AZN (2.91%) olan 18 sifariş təqdim edilib. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.1815 AZN (3.54%), orta ölçülmüş qiyməti 99.2062 AZN (3.43%) müəyyən ediilib. Hərrac nəticəsində notlar bütünlüklə yerləşdirilib, onların ödəmə tarixi isə 01.06.2020-dir.
Not hərracında, özü də 84 günlük qiymətli kağızlarda (hansı ki, müddəti qısa olduğu üçün banklar üçün o qədər də əlverişli yatırım sayılmır) təklif qiymətini 2,91%-ə enməsi ayrı-ayrı bankların izafi likvidlikdən böyük problemlərinin yarandığını göstərir.
Bu günkü hərracda qeydə alınan nəticə – təklif edilən qiymət hətta indiyədək ən aşağı gəlir gətirən İpoteka Fondunun istiqrazlarının gəlirliyindən də aşağı olub.