Azərbaycanın ən kiçik banklarından olan «Bank Avrasiya» 2026-cı ilin 1-ci rübünü uğursuz nəticələrlə başa vurub.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı ilin ilk 3 ayının nəticələrinə görə, bank kiçilib, hüquqi şəxslərin depozitləri azalıb.
Bankın açıqladığı hesabata əsasən, 1-ci rübdə bankın faiz gəlirləri 4 milyon 259 min manat, faiz xərcləri 700 min manat olub.
Faiz gəlirlərinin 3,35 milyon manatı kredit faizlərindən gələn gəlirlərin payına düşüb. Daha 500 min manat isə başqa banklarda yerləşdirilən depozitlərdən daxil olub.
«Avrasiya Bank»ın faiz xərclərinin böyük hissəsi isə Mərkəzi Bankdan aldığı kreditlərə görə faiz ödənişinə sərf edilib.
Nəticədə rübün sonunda xalis faiz gəliri 3 milyon 258 min manat olub.
Rüb ərzində bankın qeyri-faiz gəlirləri 833 min manat olub. Müştərilərin aktivliyini göstərən haqq və komissiya gəlirləri bir qədər də – təxminən 45 min manat azalaraq 194 min manata enib.
Bankın qeyri-faiz xərcləri isə 2 milyon 860 min manat olub. «Bank Avrasiya» ölkədə ən kiçik maaş fondu olan banklardandır. Rüb ərzində bankın əmək haqqı fondu cəmi 1 milyon 118 min manat təşkil edib.
Nəticədə rübün sonunda bankın əməliyyat mənfəəti 1 milyon 232 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 157 min manat və ya 11% azdır.
«Bank Avrasiya»nın əsas problemi mümkün zərərlər üzrə risklər olub. Bank bu riskləri qarşılamaq üçün 2,25 milyon manat ehtiyat ayırmalı olub. Bu məbləğ bankın bütün əməliyyyat mənfəətini «əridib», üstəlik mənfəəti zərərə çevirib. Nəticədə «Bank Avrasiya» 1-ci rübü 937 min manat xalis zərərlə tamamlayıb.
Halbuki, ötən ilin eyni dövründə bank 2 milyon manata yaxın qazanc götürmüşdü.
Bankın problemi təkcə mənfəətdən zərərə keçməsi ilə bağlı deyil.
2026-cı ildə «Bank Avrasiya» kiçilib, aktivləri 560 min manat və ya 2,5% azalıb – 213,9 milyon manat.
Azalmanın əsas səbəbi bankın kredit portfelinin azalması olub – 5 milyon manat azalmadan sonra kredit portfeli 132,8 milyon manata enib. Azalma biznes (4 milyon manat geriləmə) və daşınmaz əmlak (1 milyon geriləmə) kreditlərində baş verib.
Rüb ərzində «Bank Avrasiya»nın öhdəlikləri 124,9 milyon manat, depozit poprtfeli 72,7 milyon manat olub. 1-ci rübdə bankda hüquqi şəxslərin depozitləri 2,7 milyon manat və ya 27% azalaraq 7,3 milyon manata enib.
1-ci rübdə üzləşdiyi zərərə görə, «Bank Avrasiya»nın kapitalı da azalaraq ilin əvvəlindəki 89 milyon 984 min manatdan 89 milyon 034 milyon manata enib.














