Azərbaycanın aparıcı banklarından olan «Azərbaycan Sənaye Bankı (ASB)»nin aktivləri azalmaqda davam edir.
FED.az bankın 2022-ci ilin 3-cü rübünün yekunları üzrə açıqladığı hesabata istinadən xəbər verir ki, 3-cü rübün sonuna bankın aktivləri 714 milyon manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 100 milyon manat azdır.
Xatırladaq ki, 2021-ci ilin sonunda bankın aktivləri 813 milyon manat, 1-ci rübün sonunda 811 milyon manat, 2-ci rübün sonunda isə 738 milyon manat olmuşdu. İlin əvvəlindən indiyədək bankın aktivləri ümumilikdə təqribən 99 milyon manat aşağı düşüb.
Azalma kredit portfeli ilə bağlı deyil. İlin əvvəlindən indiyədək bankın kredit portfeli 6 milyon manat artaraq 249 milyon manat, xalis kreditləri də 6 milyon manat artaraq 243 milyon manata çatıb.
Aktivlərin kəskin azalması ASB bankın başqa banklardakı depozit portfelinin 100 milyon manat, yəni 467 milyon manatdan 367 milyon manata enməsi nəticəsində baş verib.
Bu dövrdə bankın öhdəlikləri 102 milyon manat azalaraq 707 milyon manatdan 605 milyon manata enib.
İlin əvvəlindən bəri bankın depozit potfeli 75 milyon manat və ya 14,6% azalaraq 514 milyondan 439 milyon manata enib.
Bankda digr bankların və maliyyə qurumlarının bankdakı depozitləri isə 139 milyon manatdan 122 milyon manata enib.
Əvəzində bankın cəmi kapitalı ilin əvvəlindəki 105,5 milyon manatdan 109 milyon manata yüksəlib.
Mənfəət-zərər gstəricilərinə gəlincə «Azərbaycan Sənaye Bankı» bu ilin 3-cü rübünü 4,3 milyon manat xalis mənfətlə tamamlayıb. Xatırladaq ki, bank bu ilin ilk yarısını 3 milyon xalis mənfəətlə başa vurmuşdu.