Azərbaycanın aparıcı banklarından olan «AccessBank» koronavirus pandemiyasına görə çətinliklərlə üzləşən biznes sahiblərinin kredit müraciətlərinə müsbət cavab verməyə başlayıb.
FED.az xəbər verir ki, bu barədə “AccessBank”ın İdarə Heyəti Sədrinin Birinci Müavini Yevqeniya Qaşikulina bildirib.
Onun sözlərinə görə, baş verən iqtisadi proseslərə baxmayaraq bankın kredit portfelinin strukturu, demək olar ki, dəyişməz qalır: «Portfelimizin təxminən 90%-i biznes kreditlərindən ibarətdir. İndi bankın siyasəti müştərilərlə fəal əlaqələr qurmaqdan ibarətdir. Biz müştərilərimizin yanında olmağa çalışır və portfelimizi fəal şəkildə restrukturizasiya edirik».
Y.Qaşikulina bildirib ki, «AccessBank» öz mövqeyini açıq şəkildə bildirən ilk banklardan biri olub – kreditlərin restrukturizasiyası prosesinə hələ mart ayında başlayıb: «Mart ayının ortalarında müştərilərimizə bütün mümkün restrukturizasiya variantlarını təklif etdik və bunun müəyyən məbləğədək hissəsini Əlaqə Mərkəzimiz vasitəsi ilə icra etdik. Təkcə aprel ayı ərzində təxminən 6000 nəfər müştərinin ümumilikdə 55 milyon manat məbləğində kreditini restrukturizasiya etmişik. Düşünürəm ki, bu proses may və iyun aylarında da davam edəcək, amma sürət aşağı düşəcək, çünki karantin rejimi tədricən yumşaldılır».
Ban nümaynədəsi bildirir ki, ümumilikdə, mikrokredit portfelinin təxminən 20%-nin restrukturizasiya ediləcəyi gözlənilir. Kiçik və orta biznes portfelində isə bu göstərici daha yüksək – təxminən 50% olacaq: «Çünki burada müştərilərin məbləğləri əksər hallarda yüksək olur və onlara hazırlaşmaq, biznesə yeni təkan vermək üçün vaxt lazım olacaq. İstehlak kreditləri üzrə restrukturizasiya payı çox azdır və bunu ölkədə fəal ixtisarların olmaması ilə izah etmək olar».
Bank nümayəndəsinin sözlərinə görə, bank restrukturizasiyada fəaldır və bu məsələdə çətinlik hiss etmir: «Çünki bu proses likvidliyə heç bir təzyiq göstərmir. Hazırda kreditlər üzrə aylıq geriödəmələr kreditləşməni üstələyir. Müştərilərin dirçəlişi və işlərinə davam etməsi bizim üçün çox vacibdir. Onların bir çoxları ilə uzun illərdir tərəfdaşlıq edirik, bundan da çətin günlərin öhdəsindən gəlmişik. Səhmdarlarımızın sayəsində hər zaman müştərilərimizə dəstək ola bilirik. Bizim çox güclü səhmdarlarımız var. Onların əksəriyyətinin dünya iqtisadiyyatına ayrıca dəstək proqramları var».