Azərbaycanın aparıcı banklarından olan dövlət bankı «Azər Türk Bank» 2023-cü ilin 1-ci rübündə gəlir və mənfəətini kəskin artırıb. Son bir ildə isə bank 2 dəfə böyüyüb. Faiz və qeyri-faiz gəlirləri 2 dəfədən çox artıb.
Azərbaycan bankları 1-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında «Azər Türk Bank»ın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 14,2 milyon manata yüksəlib.
Depozit gəlirləri 32 dəfə yüksəlib
Bu məbləğin böyük hissəsi – 9 milyon manatı kredit portfelinin faiz gəlirləri olub. 2023-cü ildə «Azər Türk Bank»ın başqa banklardakı depozitlərinin gəlirləri 32 dəfə artaraq ötənilki 111 min manatdan 3,5 milyon manata yüksəlib. Bankın qiymətli kağızlara yatırımları isə 70%-ə yaxın artaraq 823 min manatdan 1 milyon 378 min manata yüksəlib.
1-ci rübdə «Azər Türk Bank»ın faiz xərcləri də 2 dəfədən çox artaraq ötənilki 2,1 milyon manatdan 4,7 milyon manata yüksəlib. Bu dövrdə bankın öz əmanətçilərinə ödədiyi məbləğ 3 dəfə artaraq 1,2 milyon manatdan 3,7 milyon manata çatıb.
Daha 900 min manat isə «Azər Türk Bank»ın cəlb etdiyi kreditlərə görə faizlər kimi ödənilib.
Nəticədə «Azər Türk Bank»ın xalis faiz gəlirləri 2 dəfə artaraq 4,5 milyon manatdan 9,4 milyon manata qalxıb.
Xarici valyuta ilə əməliyyatlardan gəlirlər 6 dəfə artıb
Son bir ildə bankın qeyri-faiz gəlirlərində də iki dəfədən çox artım baş verib – 3,1 milyon manatdan 6,7 milyon manata yüksəlib.
Bu bölmədə ən sürətli artım xarici valyuta ilə əməliyyatlardan gəlirlərdə baş verib – 640 min manatdan 3,5 milyon manata və ya 5,6 dəfə.
Artım dinamikası özünü qeyri-faiz xərclərində də göstərib. 1-ci rübdə «Azər Türk Bank»ın qeyri-faiz xərcləri 50%-ə yaxın artaraq 11,3 milyon manata yüksəlib.
Artım olan əsas hissə əmək haqqıdır – 2,1 milyon manatdan 4,3 milyon manata. Ümumi və inzibati xərclər isə demək olar dəyişməyib – 3,7 milyon manat.
4,8 milyon manat əməliyyat mənfəəti
Nəticədə bank 2023-cü ilin 1-ci rübünü 4 milyon 846 min manat əməliyyat mənfəəti ilə tamamlayıb. 2022-ci ilin eyni dövründə «Azər Türk Bank» əməliyyat zərəri etmişdi.
Xalis mənfəət 14 dəfə artdı
Mümkün zərərlər üzrə 966 min manat ayrılmasından və 800 min manat mənfəət vergisi ödənişindən sonra bank 1-ci rübü 3 milyon 79 min manat xalis mənfəətlə tamamlayıb. Ötən il bu məbləğ cəmi 226 min manat idi.
1-ci rübün yekununa bankın aktivləri 913 milyon manat təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 2 dəfədən çox artım deməkdir. 2023-cü ilin əvvəli ilə müqayisədə isə aktivlər 52 milyon manat və ya 5,4% azalıb.
Kredit portfelində 50% artım
Rübün sonuna ATB-nin kredit portfeli rekord vuraraq 367,5 milyon manata yüksəlib. Bu ötən ilin eyni dövründən 122 milyon manat və ya 50%, ilin əvvəli ilə müqayisədə isə 46 milyon manat və ya 14% artıqdır.
Bu dövrdə bankın istehlak kreditləri 174,4 milyon manat, biznes kreditləri 43,8 milyon manat, daşınmaz əmlak kreditləri isə 149 milyon manata çatıb.
Depozit portfeli böyüməyə davam edir
Hesabat dövrünün sonunda «Azər Türk Bank»ın başqa banklardakı depozitləri 261 milyon manata yüksəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə, ilin əvvəlinə nisbətən isə 60 milyon manat artıqdır. Yeri gəlmişkən, məhz başqa banklardakı depozitlərin artımı hesabına «Azər Türk Bank»ın faiz gəlirləri əlavə 3,5 milyon manat böyüyüb.
90 milyon manat kredit qaytarılıb
Bankın öhdəlikdəri isə ötən illə müqayisədə 2 dəfədən çox artaraq 840 milyon manata enib. Amma ilin əvvəli ilə müqayisədə öhdəliklərin həcmində 55 milyon manat azalma var. Azalmaya səbəb, bankın rüb ərzində 90 milyon manat borc qaytarması olubğ – nəticədə «Azər Türk Bank»ın kredit öhdəlikləri 322 milyon manatdan 233 milyon manata enib.
Depozit portfeli 2 dəfə böyüyüb
Bankın depozit portfeli isə artmaqdadır – son bir ildə 2 dəfə, ilin əvvəlindən bəri isə 11 milyon manat artaraq 396 milyon manat olub.
Hesabat dövründə bankın kapitalı 3,6 milyon manat artaraq 69,2 milyon manatdan 72,8 milyon manata yüksəlib. Bu günə bankın 18,5 milyon manat bölüşdürülməmiş mənfəəti var.