Bu gün "Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
Bankdan verilən məlumata görə, iclasda Bankın İdarə Heyətinin tərkibinə bir sıra dəyişikliklər edilib. Belə ki, Müşahidə Şurasının qərarı ilə Xalid Əhədov İdarə Heyətinin üzvü seçilib. Həmçinin, bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə edilib.
X. Əhədov bank sahəsi üzrə fəaliyyətə 1999-cu ildən başlayıb. Bu günə qədər "Bank of Baku" ASC-nin İdarə Heyəti sədrinin müavini, "Unibank" ASC-nin icraçı direktoru vəzifələrində çalışıb. Yeni vəzifəyə qədər isə hazırda ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin İdarə Heyətinin sədri olub.
16:00
"Azər-Türk Bank" ASC-nin rəhbərliyində dəyişiklik gözlənilir. Bankın İdarə Heyətinə (İH) rəhbərlik edən Fərhad Adıgözəlovun yerinə Xalid Əhədov təyin ediləcək.
X.Əhədov vaxtı ilə hazırda ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin İH-nin sədri olub.
Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 50 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.