“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
"Azər Türk Bank"dan - KOMİSSİYASIZ KREDİTLƏR
FED.az xəbər verir ki, “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, Bankın İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müzakirə edilib. Bankın Müşahidə Şurasının sədri Ruslan Əlixanov bildirib ki, “Azər Türk Bank” ASC bütün müştəriləri üçün etibarlı biznes tərəfdaşı olmalı, ölkə iqtisadiyyatının real sektoruna maliyyə dəstəyi verməli, müasir bank texnologiyalarını tətbiq edərək operativ xidmət göstərməlidir.
İclasda Bankın korporativ idarəetmə sisteminin prinsipləri, idarəetmə və maliyyə hesabatları, o cümlədən, bankın strateji təşəbbüslərinin həyata keçirilməsi müzakirə olunub.
Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Prezident İlham Əliyevin 16 iyul 2022-ci il tarixli “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi haqqında imzaladığı Fərmana əsasən Bank Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.