Bu gün bəzi xəbər saytlarında bir neçə maliyyə-kredit qurumunun, o cümlədən dövlət bankı Azər Türk Bankın aktivlərinin kəskin azalması ilə əlaqədar həqiqətə uyğun olmayan yazılar verilib.
Bankın mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, Azər Türk Bank bununla əlaqədar bildirir ki, bankın aktivlərinin həcmi yazıda göstərildiyi kimi 63% deyil, bu ilin əvvəlindən etibarən 37% azalıb. Bunun da obyektiv səbəbləri var. Belə ki, 2015-ci ildə Azərbaycan Mərkəzi Bankının “Bank Standart”ın sağlamlaşdırılması üçün yönəltdiyi yüksək məbləğdə vəsait Azər Türk Bank tərəfindən Mərkəzi Banka qaytarılıb. Bundan başqa, bəzi kreditləşmə əməliyyatlarının maliyyələşdirilməsi üçün cəlb edilib, lakin hazırki bazar şərtlərinə uyğun olmayan, yüksək faizli depozitlərin müştərilərə ödənilməsi, sözsüz ki, aktivlərin bir qədər də azalmasını şərtləndirib.
Bankın kapital mövqeyi Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi səviyyədən yüksəkdir. Qeyd edək ki, prudensial göstəricilər üzrə bu il Azər Türk Bank əsaslı artıma nail olmuş və hazırda bankın likvidlik əmsalı 133% səviyyəsindədir. Xatırladaq ki, bu göstərici üzrə norma 30% səviyyəsində müəyyən edilib.
Həmçinin 2016-cı ili yüksək mənfəətlə başa vurmaqla Bank, səhmlər üzrə dividend ödənişini həyata keçirib, ümumi bazar risklərini nəzərə alaraq riskli aktivlər üzrə ehtiyatlar yaradılmasına nail olub.
Qeyd edək ki, “Azər Türk Bank” ASC 1995-ci ildən fəaliyyət göstərir və səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.
Azər Türk Bankın likvidlik əmsalı 133% səviyyəsindədir
17:46
29 Dek 2017