Prezident İlham Əliyev “Azər-Türk Bank” ASC-nin idarə edilməsinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmanda deyilir:
“Azər-Türk Bank” ASC-nin və Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 22 sentyabr tarixli 2907 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) nizamnamə kapitalında dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həllində dövlətin adından iştiraketmə hüququ aşağıdakılara həvalə olunsun:
1.1. Azərbaycan Respublikasının Prezidentinə:
1.1.1. Bankın satılması, yenidən təşkili və ləğvi;
1.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqinə:
1.2.1. Bankın Müşahidə Şurasının üzvlərinin, o cümlədən onun rəhbərinin vəzifəyə seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
1.2.2. Bankın icra orqanının rəhbərinin vəzifəyə seçilməsi, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
1.2.3. müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
1.2.4. Bankın nizamnamə kapitalının artırılması və azaldılması barədə qərar qəbul edilməsi, səhmlərinin buraxılması müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi, habelə mühüm iştirak payının əldə edilməsinə razılıq verilməsi;
1.2.5. Bankın kənar auditorun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyə etdiyi illik maliyyə hesabatlarının təsdiq edilməsi, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul edilməsi;
1.2.6. Bankın nizamnaməsinin təsdiq edilməsi və onun dəyişdirilməsi;
1.2.7. Bankın törəmə təsərrüfat cəmiyyətlərinin yaradılması və fəaliyyətlərinə xitam verilməsi, başqa bankın satın alınması barədə qərarlar qəbul edilməsi;
1.2.8. bu Fərmanın 1.1-ci və 2.2-ci bəndləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və Bankın Nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətinə aid edilmiş digər məsələlərin həll edilməsi.
2. Müəyyən edilsin ki:
2.1. Bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla, 3 (üç) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;
2.2. Bankın Müşahidə Şurasının “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2–24.1.6-cı, 24.1.7-ci (icra orqanının üzvlərinin, o cümlədən onun rəhbər müavinlərinin vəzifəyə seçilməsinə və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə münasibətdə) və 25-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri vardır.
3. Azərbaycan İnvestisiya Holdinqi bu Fərmandan irəli gələn məsələləri həll etsin.