Dövlət bankı Azər Türk Bank və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ASAN könüllüləri üçün bankçılıq sahəsində təşkil olunmuş və bir ay ərzində davam edən təlimlər başa çatıb.
Bankın mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, "ASAN School" könüllülük proqramının “Master 2” pilləsinin bu növbəti uğurlu yekunu münasibətilə hər iki qurumun nümayəndələrinin iştirakı ilə Azər Türk Bankın baş ofisində görüş keçirilib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri Azər Türk Bankın "ASAN School" könüllülük proqramının reallaşdırılmasında göstərdiyi təşəbbüsə və bu proqramın Master2 pilləsinin uğurla həyata keçirilməsində dəstəyinə görə minnətdarlıqlarını bildiriblər.
Azər Türk Bankın nümayəndələri, öz növbəsində, bu istiqamətdə əməkdaşlığın məmnuniyyətlə davam etdiriləciyini, iqtisadiyyat və maliyyə üzrə təhsil almış gənclərin bank işi ilə bağlı bilik və bacarıqlarının artırılmasına, onların fərdi və peşəkar inkişafına daim dəstək olmağa hazır olduqlarını vurğulayıblar.
Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim olunub, ən aktiv iştirakçılar, ənənəvi olaraq, Azər Türk Bankın təcrübə proqramına cəlb ediliblər.
22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.