Ölkədə ilk dəfə qadınlar arasında keçirilən “Global Startup Weekend Women” (“GSWW 2018”) startap yarışması başa çatdı.
Bankın mətbuat xidmətindən FED.az-a daxil olan məlumata görə, sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən dövlət bankı Azər Türk Bankın baş sponsorluğu ilə həyata keçirilən bu tədbirdə iştirak üçün 50-dən çox müraciət qəbul olub. 11 komanda Bakı finalında iştirak edib. Yarışın şərtlərinə görə, mentorların da dəstəyi ilə 54 saat ərzində yeni məhsul hazırlanmasının öhdəsindən müvəffəqiyyətlə gələn “TalentPort” komandası birinci yerə layiq görülüb.
Nazənin Cavadova və Səkinə Nağızadədən ibarət olan bu komanda martın 7-də Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcək.
Daim yenilikçi və innovativ olan Azər Türk Bankın bu layihədə baş sponsor qismində iştirak etməkdə əsas məqsədi gənc xanımlara iqtisadi sahələrdə bilik və bacarıqlarını təkmilləşdirməkdə, praktiki bacarıqlara yiyələnməkdə onlara dəstək vermək, sahibkarlıq, startap, innovasiyalar, marketinq kimi mövzularda bilik və təcrübə qazanmalarına köməklik göstərmək, həmçinin dövlətimizin gender bərabərliyi siyasəti istiqamətində nailiyyətlərinə kiçik bir töhfə verməkdir.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azər Türk Bankdan xanım startapçılara dəstək
15:02
15 Fev 2018