"Azər Türk Bank” özünün prosessinq mərkəzini yaradıb.
Bu barədə FED.az-a bankın Ödəniş kartları departamentinin direktoru Namid Abdulov bildirib.
“Biz bütün prosesi elə qurduq ki, bu tam hüquqlu prossesinq fəaliyyəti göstərən xidmət mərkəzlərinin fəaliyyətindən geri qalmasın. Xidmət mərkəzimiz İnhouse statusunu daşısa da, testləşdirmə və sertifikatlaşdırma proseslərinin səviyyəsi tam hüquqlu xidmət mərkəzləri üçün tam uyğundur və bu bizə analoji xidməti ölkədaxili digər banklara da təqdim etməyimizə münbit şərait yaradır. Hazırda prosessinq mərkəzi stabilizasiya mərhələsindədir. Sistem qurulub, müəyyən xırda boşluqların aradan qaldırılması və müştəri istəklərinə qısa zamanda reaksiya verilərək optimizasiya işləri aparılır. Xidmət mərkəzində çalışan əməkdaşların bilikləri və peşəkarlığı sayəsində Bankımız ölkədə ilk dəfə İnhouse Prossesinq mərkəzi olaraq Banklararası Kart Mərkəzinə və Hökümət Ödəniş Portalına da birbaşa İnteqrasiya etməyə nail oldu,” – deyə Namid Abdulov bildirib.
Eləcə də bax:Azər Türk Bank bayram münasibətilə plastik kart hədiyyə edir
“Bankımız tərəfindən həyata keçirilən prossesinq xidmətinin dəyəri hal-hazırda ölkədə fəaliyyət göstərən digər sərbəst prossesinq mərkəzlərinin təklif etdiyi tariflərdən qat-qat ucuz başa gələcəkdir. Bununla da, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı”nda qeyd olunan məsələlərin icrasına bilavasitə Bankımız da töhfə vermiş olacaq. Bizim prossesinq xidmətinin dəyərinin ucuz olması əməliyyat xərclərinin azaldılmasına, əhali və müəssisələr üçün maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, müştəri müraciətlərinin daha tez və effektiv araşdırılmasına, yeni texnologiyaların sürətli tətbiqinə, rəqabətə dözümlü məhsul yaratmağımıza kömək edəcəkdir,- deyə bank rəsmisi bildirib.