Avropa Yenidənqurma və İnkişaf Bankı 2020-ci ildə Azərbaycanda layihələrə 250 milyon dollardan artıq vəsait yatırmağa hazırdır.
Eləcə də bax: İlham Əliyev bank prezidentilə videokonfrans keçirdi - PLANLARI AÇIQLADI - YENİLƏNİB
FED.az xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti deyib.
“2019-cu ildə Azərbaycana sərmayələrimizin həcmi aşağı səviyyədə olub (17 milyon avro - İF). 2020-ci ildə bu vəsaitin həcmini mühüm dərəcədə artırmağı planlaşdırırıq. Xüsusilə, Azərbaycanda layihələrə 250 milyon dollardan artıq vəsait yatırmağa hazırıq”, - Suma Çakrabarti çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə videokonfrans zamanı bildirib.
O qeyd edib ki, AYİB Azərbaycanın dövlət və özəl sektorunda layihələri fəal kreditləşdirməyə hazırdır. “Xüsusilə, yaxın həftələrdə 5 layihəyə 20 milyon avro ayıracağıq. Bundan başqa, Azərbaycan Mərkəzi Bankı ilə 50 milyon dollar məbləğində “Swap” razılaşmamiz var”, - Çakrabarti bildirib.
O vurğulayıb ki, AYİB Azərbaycanda “yaşıl şəhər” layihəsinin istifadəyə verilməsində maraqlıdır. Bu layihənin reallaşdırılmasına 150 milyon dollar yatırmağa hazırdır. “O cümlədən, elektrik enerjisi şəbəkəsinin təkmilləşdirilməsi sahəsində layihələrə 100-200 milyon avro yatırmağa hazırıq. Həmçinin, bərpa olunan enerji mənbələri sahəsində layihələri maliyyələşdirməyə, dövlət şirkətlərinin özəlləşdirilməsinə, suvarma sahəsində pilot layihə həyata keçirilməsinə, Azərbaycanda kommersiya banklarına texniki yardım göstərilməsinə, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə kiçik və orta biznes subyektləri ilə işləməyə hazırıq”, - AYİB-in prezidenti vurğulayıb.
Öz növbəsində, prezident İlham Əliyev bidirib ki, Azərbaycan iqtisadiyyatı qarşısında duran vəzifələrdən biri “kölgə iqtisadiyyatı”nın payını azaldılmasıdır. “Hazırda Azərbaycanla AYİB arasında 9 layihə müzakirə olunur. Biz böhrandan (koronavirus səbəbindən - İF) ən az az zərərlə çıxmaq məqsədilə iri həcmdə sərmayələrdə maraqlıyıq. Həmçinin bankınız tərəfindən ixracın dəstəyinə ehtiyacımız var”, - Əliyev qeyd edib.
Həmçinin, Əliyev ASK sektorunda suvarma sisteminin yaxşılaşdırılması üzrə layihələrin AYİB ilə birgə maliyyələşdirilməsində Azərbaycanın maraqlı olduğunu ifadə edib. “2019-cu ildə Azərbaycanda quraqlıq olub, həmçinin 2020-ci ildə bu problem mövcuddur. Bu sahədə xüsusi komissiya yaratmışıq. Bəzi hallarda su itkilərimiz 40-50% təşkil edir. Bu məqsədlərə öz vəsaitimizi də ayırmağa hazırıq”, - dövlət başçısı bəyan edib.
O cümlədən, prezident Azərbaycanın AYİB ilə dövlət müəssisələrinin kommersiyalaşdırılması, qismən özəlləşdirilməsi məsələsini müzakirə etməyə hazır olduğunu qeyd edib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bank indiyədək Azərbaycanda 170 layihənin maliyyələşdirilməsinə 3,3 milyard avro ayırıb.