Azərbaycanın aparıcı banklarından olan «Rabitəbank»ın Xankəndi filialının fəaliyyətə başlamasının 1 ili tamam olur.
2025-ci il noyabrın 14-də fəaliyyətə başlayan yeni filial artıq Qarabağın maliyyə və bank sistemində özünəməxsus yer tutub və əhatə dairəsini sürətlə genişləndirməkdədir.
Media nümayəndələri bankın təşkilatçılığı ilə Xankəndinə keçirilən mediaturda filialın fəaliyyəti ilə tanış olublar. Burada bildirilib ki, bir il əvvəl işə düşən filial artıq 4 milyon manatdan artıq kredit portfeli formalaşdırıb. Filialın bütün xidmətlər üzrə müştərilərinin sayı isə 1000-i keçib.
«Rabitəbank»ın İdarə Heyətinin sədri, ölkənin maliyyə sektorunda tanınmış top-menecerlərdən olan Aydın Hüseynov FED.az-a ekspress-müsahibədə filialın fəaliyyətini, onun qarşısına qoyulmuş məqsədləri və qarşıdakı hədəfləri açıqlayıb.
– Aydın müəllim, ilk növbədə, sizi «Rabitəbank»ın Xankəndi filialının fəaliyyətə başlamasının bir illiyi münasibətilə təbrik edir, Xankəndi filialına və ümumiyyətlə, «Rabitəbank»ın kollektivinə uğurlar arzu edirik. İlk növbədə, maraqlıdır, Xankəndidə filial açmaq qərarı necə qəbul olundu? Çünki həmin vaxtlar burada işgüzar mühit o qədər də aktiv deyildi, yəni bank biznesi üçün imkanlar başqa bölgələrlə müqayisədə daha məhdud idi.
– Təbrikə görə təşəkkür edirəm, çox sağ olun. Həqiqətən, bu gün bizim üçün çox sevincli bir andır. Biz, ümumiyyətlə, bütün filiallarımızın ad gününü qeyd edirik, əməkdaşlarımız, rəhbər heyətimiz həmin gün filialları ziyarət edirlər. Amma Xankəndi bizim üçün özəl yeri olan filialımızdır.
Qarabağımız azad olunandan, azadlığımızı və zəfərimizi qeyd edəndən sonra dövlətimizin və hökumətimizin Qarabağın yenidən qurulmasına, dirçəlməsinə göstərdiyi maksimum dəstəyə biz də «Rabitəbank» olaraq biganə qalmaq istəmədik və qısa zamanda Xankəndi şəhərindən başlayaraq Qarabağda filial şəbəkəmizi genişləndirməyə başladıq. Müraciət etdik, qısa zamanda müraciətimiz qəbul olundu və ötən il burada filialımızı açdıq. Ötən il Zəfər Günü dövründə filialımızın açılışını etdik, bu gün isə, yəni Zəfər Günü ərəfəsində filialımızın bir yaşını qeyd edirik.
Sizin də qeyd etdiyiniz kimi, adətən banklar filial şəbəkəsini, fiziki satışını və əhatəsini genişləndirəndə vəziyyəti analiz edir, imkanları qiymətləndirirlər ki, filialın gəlir və xərcləri necə olacaq, aktivlərin, portfelin həcmi və sair məsələlər araşdırılır.
– Yəni araşdırılır ki, filial iqtisadi cəhətdən özünü doğruldacaq, ya yox...
– Bəli, bayaq dediyiniz kimi, filialımızı burada açanda Xankəndidə biznes subyektləri hələ yeni-yeni formalaşırdı. Biz bunların heç birini fikirləşmədik, heç birini düşünmədik. Bizim üçün Xankəndi filialı mənfəət gətirən, gəlir gətirən bir satış nöqtəmiz deyil, daha çox mənəvi dəyəri olan bir filialımızdır. Şəhidlərimizin ruhu şad olsun, Allah onlara rəhmət eləsin, cənab Prezidentimizin canı sağ olsun. Gözəl Qarabağımızda, gözəl torpağımızda biz də «Rabitəbank» olaraq, həm komanda, həm də bütün tərəfdaşlar olaraq çox sevincliyik ki, Xankəndidəyik, Qarabağdayıq! İnşallah, növbəti illərdə Qarabağın digər rayonlarında da şəbəkəmizi genişləndirməyi planlayırıq.
– Amma bütün bunlarla yanaşı, filialın aktivliyinə baxsaq, iqtisadi göstəriciləri, necə deyərlər, gözlənildiyindən daha yaxşı olubdur. Bank rəhbəri olaraq filialın göstəriciləri sizi qane edirmi?
– Biz filialı açanda, dediyimiz kimi, burada qətiyyən gəlir, mənfəət güdmürdük. Təbii ki, yekunda gəlir və mənfəət olacaq, kredit portfeli formalaşacaq, əmanət, depozit portfeli formalaşacaq. Amma ilk illərdə, ilk aylarda elə gözləntimiz yox idi. Bilirsiniz, biz bura mənəvi bir borc və dəyər kimi daxil olmuşuq. Amma əməkdaşlarımız sağ olsunlar, qısa zamanda həm kollektiv komplektləşdirildi, bütün istiqamətlərdə əməkdaşlarımızı topladıq və sevindirici hal budur ki, burada işləyənlər, filialın əməkdaşlarının əksəriyyəti bu regionun əməkdaşları, Qarabağ sakinləridir.
– Filialın biznes göstəriciləri necə inkişaf edib, rəqəmlər nə göstərir?
– Bəli, qısa zamanda kredit portfelimiz yarandı və sürətlə böyüdü. Hazırda 4 milyon manat civarında kredit portfelimiz var, bu portfel də 5, 10, 15 müştəridən ibarət deyil, burada sahibkarlıq subyektləri çoxdur. Fermer təsərrüfatları, ailə təsərrüfatları, kiçik və orta sahibkarlar, pərakəndə müştərilər, yəni Xankəndi və ətraf rayonlarda bütün biznes və pərakəndə müştərilərə xidmət edirik. Nəticə bizi sevindirir, gözlədiyimiz nəticə deyildi və bu, bizi daha da sevindirərək bizə impuls verdi ki, filial şəbəkəmizi daha da genişləndirək, daha çox Qarabağ sakininə və sahibkarına xidmət edə bilək, öz məhsullarımızı təqdim edə bilək.
– Bayaq siz çıxışınızda filial qarşısında 10 milyonluq hədəf qoydunuz. Xankəndidə belə bir göstəricinin əldə edilməsi üçün potensial görürsünüzmü? Yəqin ki, bütün bölgəni nəzərə alsaq?
– Yeni-yeni formalaşan filiallarda, sistemlərin yeni oturuşduğu, əməkdaşların yeni gəldiyi bir ərəfədə biz 4 milyon manatlıq kredit portfeli formalaşdırmışıq. Əslində, 5 milyon manatlıq kredit vermişik, 4 milyon manat hazırkı portfelimizdir. Bu göstəricilər bizə imkan verir ki, yəni biz quruculuq mərhələsində, yavaş-yavaş addımladığımız mərhələdə bu nəticəni vermişiksə, artıq növbəti ildə 10 milyon bizim üçün, sadəcə olaraq, simvolik bir hədəfdir. Yəni daha çox olacağını düşünürük.
– Bəs digər bank xidmətləri, məsələn, əmanət portfeli necə? Bu ərazilərdə banklara əmanət yatırılması prosesi başlayıbmı, yoxsa bunun üçün hələ tezdir?
– Bilirsiniz ki, Xankəndidə böyük Qarabağ Universiteti fəaliyyətə başlayıb. Qarabağ Universitetində həm çoxlu sayda kənardan gələn tələbələr, həm də böyük sayda müəllim heyəti vardır. Təbii ki, hər kəs öz yığımlarını banklarda saxlayır, bizim də həm əmanət, həm də karta bağlı əmanət məhsullarımız vardır. Kart satışında və əmanət portfelində də «Rabitəbank» elə ilk təklif olunan banklardan biridir. Yəni tək kredit portfeli ilə yox, kreditlə sahibkarları maliyyələşdirmək nöqteyi-nəzərindən biz onu xüsusi vurğulamışdıq, amma adamların öz vəsaitlərinin saxlanılması, öz vəsaitlərinin depozitlə dəyərləndirilməsi, müxtəlif növ ödəniş xidmətləri üzrə də nəticələrimiz var.
– Siz yəqin ki, kartların təqdim olunmasını nəzərdə tutursunuz. Məsələn, Xankəndidə kart müştərilərinizin sayı necədir, 1000 nəfəri keçib?
– 1000 nəfərdən yuxarıdır. Kredit portfelimiz üzrə müştərilərin sayı 200-dən artıqdır. Dediyimiz kimi, başdan özümüzə burada “bu qədər müştəri olacaq, bu qədər portfel olacaq, bu qədər depozit olacaq, bu qədər sərt hədəflər olacaq” kimi hədəflər qoymamışdıq. Biz belə hədəfləri bütün filiallarımızın qarşısına qoyuruq, amma burada o hədəflər yox idi. Biz burada pul, mənfəət, maddiyyat məsələlərindən daha çox, mənəvi borcumuzu yerinə yetirmək, Qarabağın quruculuğuna az da olsa xidmət etmək, fayda vermək üçün fəaliyyət göstəririk.
– Bayaq filialın kollektivinə mükafat verildi. Sizin Xankəndi filialınız filiallar arasında hansı göstərici üzrə qalib olub?
– Bəli, Xankəndi filialımız nağd pul kreditləri üzrə bütün filiallar arasında bu il həm birinci, həm də ikinci rüb üzrə çempion olub. Əslində, bu göstəricini biz qeyd etmişdik və filialın kollektivini rəqəmsal kommunikasiya kanalları vasitəsilə təbrik eləmişdik. Amma istədik ki, fiziki mükafatı da həm Zəfər Günümüzdə, həm də filialın ad günündə təqdim edək. O da sevindiricidir, yəni filial, əslində, ad günü üçün özü-özünə hədiyyə vermiş oldu.
– Aydın müəllim, bölgədə yaxın vaxtlarda növbəti bir filialın və ya bir şöbənin açılması planlaşdırılırmı? Çünki siz artıq burada filial vasitəsilə bölgənin bütün potensialını izləyə bilirsiniz. Belə bir plan varmı, yoxsa hələ vəziyyətin bir qədər də inkişaf etməsini gözləyirsiniz?
– Xidmət şəbəkəsinin genişləndirilməsi bizim strateji planımızda yer alır. Bildiyiniz kimi, həm əməkhaqlarının, həm də təqaüdlərin istənilən banka daşınması ilə bağlı planlar bizə də impuls verir ki, biz strateji plandakı hədəflərimizi daha da sürətlə icra edək.
Azərbaycanın digər regionlarında, həmçinin Qarabağın digər rayonlarında yeni filial və şöbələr açmaqla şəbəkəmizi genişləndirmək planımızdadır, strategiyamıza da əlavə etmişik. Yaxın zamanlarda konkret hansı rayonda filial açacağımızı paylaşa bilməyəcəyəm, amma dediyimiz kimi, həm Qarabağda bu filialımızdan əldə etdiyimiz potensial, həm Mərkəzi Bankın və dövlətin həyata keçirdiyi müsbət islahatlar, həm vətəndaşların əməkhaqqı hesablarının daşınması, təqaüdçülərin öz təqaüd hesablarının daşınması layihəsi bu sahədə yeni imkanlar yaradır, strateji plandakı hədəfləri daha sürətli icra etmək üçün bizə daha da çox impuls verir.
– Aydın müəllim, müsahibəyə görə təşəkkür edirəm.
– Çox sağ olun. Təşəkkür edirəm.







![Aydın Hüseynov: «Xankəndiyə mənfəət üçün gəlməmişdik, amma nəticələr gözləntilərimizi üstələdi» – [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/3189882.jpg)
![Aydın Hüseynov: «Xankəndiyə mənfəət üçün gəlməmişdik, amma nəticələr gözləntilərimizi üstələdi» – [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/1173846.jpg)









