Avropa Yenidən qurma və İnkişaf Bankı koronavirus pandemiyası dövründə mikro, kiçik və orta müəssisələrə dəstək olmaq məqsədi ilə onlayn təlim və məsləhət platformasını istifadəyə verir.
Eləcə də bax: AYİB: Azərbaycan iqtisadiyyatı bu il - 5,4% AZALACAQ
Bankdan FED.az-a verilən məlumata görə, platforma böhran vəziyyətində nağd pulun axını, tədarükçülərin və işçilərin idarə edilməsi üçün mütəxəssis məsləhətlərini özündə cəmləşdirir. Proqramın məqsədi 30 ölkədə fəaliyyət göstərən 10,000-dən çox müəssisəyə dəstək olmaqdır
AYİB koronavirus pandemiyasının iqtisadi nəticələri ilə üzləşən mikro, kiçik və orta sahibkarlıq müəssisələrinin (MKOS) dəstəyi məqsədi ilə istifadəsi pulsuz olan onlayn təlim və məsləhət platformasını istifadəyə verir. Bu özəl kiçik müəssisələr AYİB-in sərmayə qoyduğu ölkələr üçün çox önəmlidir.
AYİB-in The Know How Academy adlı platformasında yerləşdirilən “Böhran dövründə necə…” proqramı mərkəzləşdirilmiş təlim resursudur. Bu resursa daxil olmaqla sahibkarlar təlim materialları və böhran dövründə menecmentə dair mütəxəssis məsləhətini əhatə edən praktiki dəstək əldə edib müzakirələrə qoşula biləcəklər.
Bu təlim resursu eyni zamanda, AYİB-in sərmayə qoyduğu 30 ölkə iqtisadiyyatında dövlət və banklar tərəfindən yerli müəssisələrə verilən maliyyə dəstəyi üzrə müvafiq məlumat təqdim edəcəkdir.
Cari böhran dövründə AYİB tərəfindən müəssisələrə yönləndirilmiş genişmiqyaslı dəstəyin bir hissəsi olaraq həyata keçirilən bu proqram biznesə dair beş əsas mərhələni əhatə edəcəkdir:
1) Böhran dövründə İdarəetmə: Müştəriləriniz və təchizatçılarınız
2) Böhran dövründə İdarəetmə: Maliyyə menecmentinin əsasları
3) Böhran dövründə İdarəetmə: Biznesinizi maliyyələşdirməyin yolları
4) Böhran dövründə İdarəetmə: İşçiləriniz əsas resursunuzdur
5) Böhran dövründə İdarəetmə: İdarəetmə və liderlik problemləri.
"Böhran dövründə idarəetmə: Müştəriləriniz və təchizatçılarınız" adlı birinci modul biznesdə təchizat zənciri və nağd pul vəsaitinin idarə olunmasına dair məsləhət verəcəkdir və bu gündən etibarən istifadə oluna bilər. Digər dörd modul qısa müddət ərzində istifadəyə veriləcəkdir. Bütün resurs ərəb, ingilis, rus, ukrayna və türk dillərində mövcud olacaqdır.
Bu proqramı 30 ölkədə həyata keçirmək və bununövbəti aylar ərzində mikro, kiçik və orta müəssisələrdə çalışan 10,000-dən çox insanın istifadəsinə vermək, təlim, bilik mübadiləsi və ekspert məsləhətlərini təqdim etmək üçün AYİB partnyor banklar və biznesə dəstək qrupları ilə əməkdaşlıq edəcəkdir.
Təşəbbüs Avropa Birliyi (o cümlədən Avropa İnvestisiya Məsləhət Mərkəzi), Qazaxıstan və AYİB-in Kiçik Biznesə Təkan Fondu (İtaliya, Yaponiya, Koreya, Lüksemburq, İsveçrə, İsveç, ABŞ, Çin Taipei) tərəfindən maliyyələşdirilir.
“AYİB əvvələr təcrübədə olmayan bu dövrdə kiçik biznesə dəstək olmaq və çətinliklərin öhdəsindən gəlmək məqsədilə müqaviməti artırmaq və bərpa qabiliyyətini inkişaf etdirmək prinsiplərinə sadiq qalır. Şirkətinizin nə qədər böyük olmasından asılı olmayaraq, AYİB tərəfindən yaradılan təlim və məsləhət platforması sizə praktiki dəstək üçün yaradılmışdır" - deyə İvana Duarte, AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri bildirib.
Proqramdan yararlanmaq üçün 28 may tarixindən sonra www.ebrdknowhowacademy.com veb saytına daxil olmaq lazımdır.