Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) nin açıqladığı hesabat bildirilir ki, avqustda illik inflyasiya 2.4% təşkil etmişdir.
FED.az xəbər verir ki, AMB nin İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən müddətdə qiymətlərin artım tempi azalmış, rəsmi statistikaya görə avqustda illik inflyasiya 2.4% təşkil etmişdir. İnflyasiya komponentlərindən olan ərzaq qiymətləri (4.7%) ümumi inflyasiya səviyyəsini üstələyir, qeyri-ərzaq (1.2%) və xidmətlər isə (0.1%) ümumi inflyasiya hədəfi diapazonunun mərkəzindən aşağıda qalır. Ərzaq qiymətlərinin artım dinamikası qiymətlərə yüksək ötürücülüyü olan dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşmasından təsirlənir. Bütövlükdə həm ümumi inflyasiya, həm də onun komponentləri hədəf diapozonu daxilində formalaşır.
Məcmu tələbin əsas komponenti olan istehlakın canlanması və dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşması şəraitində monetar şərait, ikitərəfli
və çoxtərəfli məzənnələrdə sabitlik və mövsümi faktorlar inflyasiya proseslərinə stabilləşdirici təsir edir.
Real sektorun monitorinqinin nəticələrinə əsasən avqustda qiymət gözləntilərində ticarət, xidmət və tikinti sektorlarında azalma, qeyri-neft emal sənayesində isə artım müşahidə olunmuşdur.
Məcmu tələbin əsas komponentlərindən olan fiskal xərclərin artması və istehlakın genişlənməsi meyilləri şəraitində 2019-cu ilin sonuna inflyasiyanın hədəf intervalında (4±2%) formalaşacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə inflyasiya səviyyəsi xarici və daxili risklərin reallaşması miqyasından asılı olacaqdır.