Azərbaycanda bankların bağlanmasının detalları ilə bağlı müzakirələrə bankların illik hesabatlarını hazırlayan auditor şirkətləri də qoşulub.
Eləcə də bax: Bağlanan bankları vaxtilə - BU AUDİTORLAR YOXLAYIB - SİYAHI
«Ağ Bank»ın kapitalının mənfi olduğunu və bu vəziyyətin bankın fəaliyyəti üçün risk yaratdığını illik hesabatlarda davamlı olaraq göstərmişik» - bu barədə
FED.az-a AMB-nin qərarı ilə mayın 11-də lisenziyası geri alınan «AG Bank»ın illik auditor hesabatlarını hazırlayan «RSM Azerbayijan» şirkətinin audit partnyoru Günel Xəlilova bildirib
Xaırladaq ki, bir qədər əvvəl AMB əhbəri Elman Rüstəmov kənar auditorların hazırladığı hesabatların təhrif olunduğunu bildirmiş və qeyd etmişdi ki, «AG Bank»ın hesabatında mənfi kapitalla bağlı AMB-nin və kənar auditorların göstəriciləri bir-birindən fərqlənib.
«RSM Azerbaijan»ın nümayəndəsi Günel Xəlilova bu fərqin olmasını təbii sayır. Onun sözlərinə görə, məsələ bankın vəziyyəti ilə bağlı hesabatların hansı standartlara əsasında hazırlanmasından asılıdır: «Mərkəzi Bankın hesablamaları ilə Beynəlxalq Standartlara Uyğun Maliyyə hesabatlarının təqdim olunması prinsipində müəyyən fərqlərin yaranması mütləq şəkildə mümkündür. Burada əsas fərqlər yaranır ehtiyatlaın hesablanması ilə bağlı, və çox güman ki, bizim verdiyimi rəqəmlərlə Mərkəzi Bankın hesablaması arasındakı fərq də oradan qaynaqlanıb».
Bununla yanaşı, G.Xəlilova bildirib ki, bankın problemləri şirkətin hazırladığı bütün hesabatlarda göstərilib: «Elman Rüstəmov özü də qeyd etdi ki, kənar auditin hesabatında da kapitalın mənfiyə düşməsi qeyd olunub. Və biz «AG Bank»ın hesabatını hazırladığımız bu dövrlər ərzində hər dəfə qeyd edirik ki, bankın kapitalı mənfidədir və onun fasiləsiz fəaliyyət prinsipinin təhlükəsi yaranıb və yaxın gələcəkdə bankın fəaliyyəti dayandırıla bilər. Bu qeyd bir neçə ildir ki, hesabatımızda göstərilir. Hesablamalarda müəyyən fərqlər ola bilər. Amma bu da, dediyim kimi, AMB-nin yanaşması ilə beynəlxalq standartların yanaşması arasındakı prinsiplərin fərqli olması səbəbindəndir».
«Hansı yanaşma banklara münasibətdə daşa liberaldır?» sualına cavab verən Günel Xəlilova bildirib ki, «İFRS 9»un (beynəlxalq maliyyə hesabatı standartı – FED.az) tətbiqindən başlayaraq beynəlxalq standartların yanaşması daha liberaldır: «Yəni Mərkəzi banka baxanda bu standart daha liberaldır. Mən bilmirəm ki, AMB aktivlərin təsnifləndirilməsi ilə bağlı qaydalara müvafiq dəyişiklik edəcəkmi, amma onu deyə bilərik ki, son dövrdə standartlarda dəyişikliklər bunu deməyə əsas verir».
Şirkət nümayəndəsi bildirir ki, bağlanan bankların hesabatları ilə bağlı «RSM» şirkətilə Mərkəzi Bank arasıda müzakirə olmayıb. Ümumiyyətlə, onun sözlərinə görə, əvvəllər AMB bank sektoruna nəzarət etdiyi dövrdə bankların hesabatları ilə bağlı auditorlara sorğular verilsə də, Maliyyə Palatasının fəaliyyəti zamanı maliyyə hesabatları ilə bağlı detallı sorğu gəlməyib: «Hesabatı təqdim etmişik, hətta gözləmişik ki, palatanın müvafiq bölmələri bunu oxuduqdan sonra kənar auditolara müəyyən suallar verə bilərlər, bu normaldır və əvvəlki illərlə AMB-dan belə suallar istənilən bankın hesabatları ilə bağı gəlirdi. Amma son bir neçə ildə belə hallar və suallar olmayıb».
Günel Xəlilova sifarişçinin bank olması səbəbindən auditorun öz hesabatında bankın xeyrinə dəyişiklik etməsi ilə bağlı iddiaları qəbul etmir: «Biz hesabataları beynəlxalq standartların qoyduğu tələblər əsasında hazırlayırıq. Maliyyə hesabatlarının tərtibi prinsipi varsa, auditin də özünün beynəlxalq standartları var. Həmin standartların və etika məcəlləsinin tələblərindən heç bir halda kənara çıxmırıq. Burada artıq qərəz və ya kiminsə şəxsi marağı heç vaxt rol oynaya bilməz».
G.Xəlilova bildirir ki, əgər maliyyə bazarının requlyatorunun (yəni Mərkəzi Bankın) bununla bağlı şübhəsi varsa, qanunvericiliyə dəyişikliyə gedib bu sahəyə nəzarəti əlinə ala bilər: «Requlyator düşünürsə ki, auditorun seçimi təsisçiyə həvalə olunduğu üçün burada qərəz yarana bilər, o zaman qanunveriilikdə müəyyən dəyişiklik edilə bilər ki, auditorların seçiminə özü də müdaxilə edə bilsin. Qanunda belə dəyişiklik olunsa, bəlkə də bu aradan qaldırıla bilər. Əslində biz bunu gözləyirik və dünyada, o cümlədən Avropada belə bir təcrübə (requlyatorun auditor seçminə müdaxilə etməsi və nəzarət etməsi – FED.az) var. Qayda nə olacaqsa, biz onunla işləyəcəyik. Problem deyil, biz qanunla işləməyə borcluyuq».