Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) «Atabank» ASC-də yaranan vəziyyət və bankda görüləcək tədbirlər barədə təklifləri Maliyyə Sabitliyi Şurasına təqdim edib.
Eləcə də bax: «Mən demədim «Atabank» bağlanacaq» - ELMAN RÜSTƏMOVUN AÇIQLAMASI – TAM MƏTN
FED.az xəbər verir ki, «Atabank»la bağlı qərar da məhz bu Şurada qəbul ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası prezident İlham Əliyevin fərmanı ilə 2016-cı ilin 15 iyulunda yaradılıb. Hazırda qüvvədə olan fərmana görə, Şuranın tərkibində Prezidentin və Birinci Vitse-prezidentin köməkçiləri, eləcə də Maliyyə, İqtisadiyyat nazirləri, Mərkəzi Bankın sədri, Maliyyə Palatasının İH sədri (Palata indi ləğv edilib) və Dövlət Neft Fondunun icraçı direktoru daxildir. Şuraya prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri Natiq Əmirov başçılıq edir. Üzvləri bunlardır:
Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Göründüyü kimi, Prezident Administrasiyasındakı son dəyişikliklər bu fərmanda hələ əksini tapmayıb. Yəni prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi postu ləğv edilib. Birinci vitse-prezidentin köməkçiləri isə artıq dövlət başçısının öz köməkçiləri təyin ediliblər. Maliyyə Palatası isə ümumiyyətlə ləğv edilərək səlahiyyətləri mərkəzi Banka verilib.
Hazırkı vəziyyəti nəzərə alanda Maliyyə Sabitliyi Şurasının təqribi tərkibi (çünki hələ yeniliklərdən sonra rəsmi təsdiqlənməyib) belədir:
Sədr – Natiq Əmirov, Prezidentinin köməkçisi və Administrasiyanın İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Üzvlər
Şahmar Mövsümov - Azərbaycan Prezidentinin köməkçisi –Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Xalid Əhədov, Birinci vitse-prezidentin köməkçisi (Bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının rəhbəri olub)
Emin Hüseynov, Birinci vitse-prezidentin köməkçisi (bundan əvvəl Maliyyə nazirinin müavini olub)
Samir Şərifov, - Maliyyə Naziri
Mikayıl Cabbarov - İqtisadiyyat Naziri
Elmar Rüstəmov - Mərkəzi Bankın sədri
Fərmana əsasən Maliyyə Sabitliyi Şurası aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
- qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal, monetar və maliyyə-bank sektorlarında baş verən prosesləri, maliyyə sabitliyinin mövcud vəziyyətini və çərçivəsini, maliyyə sabitliyinə cari və potensial təhdid və riskləri, habelə bu sahədə qanunvericilik bazasını təhlil edir və Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
- maliyyə sabitliyinə yarana biləcək təhdidlərin qarşısının qabaqlayıcı rejimdə alınması, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa və çərçivəyə, onların icra mexanizmlərinə və bu sahələrdə islahatların aparılmasına dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
- ölkədə cari və ortamüddətli dövr üçün makroiqtisadi siyasətlə, həmçinin fiskal, monetar və maliyyə sabitliyi ilə bağlı qərarların qəbul olunmasını və həyata keçirilməsini əlaqələndirir.