Atabank dollar kreditlərinə məzənnə güzəştləri tətbiq etməyə başlayıb. FED.az xəbər verir ki, bank devalvasiyaya qədər verdiyi və hazırda problemli kreditə çevrilmiş dollar kreditlərinin bir hissəsini bu yolla geri qaytara bilib.
Belə ki, 20 dekabr 2015-ci il tarixinədək verilmiş və ya restrukturizasiya edilmiş, əsas borc məbləği 100 min dollara qədər olan kreditlər aprelin 1-nədək qaytarılacağı təqdirdə bank həmin kreditləri aşağı məzənnə ilə hesablayır.
“Atabank”ın marketinq direktoru Oruc İbrahimovun sözlərinə görə, hər bir müştəriyə məzənnədə güzəştlər verilir, ancaq bu güzəştin səviyyəsi kredit götürənin tarixçəsinə əsasən fərqlənir. Minimal olaraq qaytarılan dollar kreditləri 1,40 məzənnəsi ilə hesablanır: “Açığı, bu bankımız üçün sosial yönümlü bir layihədir. Müştərilərimizə dəstək vermək üçün belə bir addım atdıq. Nəticələr də müsbətdir, banka müraciət edənlərin sayı artıb. Müştəri var ki, 50-60 min dollar kredit qaytarıb”.
Qeyd edək ki, bu kampaniyanın həm müştəri, həm də bank üçün müsbət tərəfləri var. Bir tərəfdən “Atabank” bu yolla problemli kredit portfelinin həcminin kiçilməsinə, uzun-uzadı məhkəmə çəkişmələrinə vaxt itirməməyə, geri qaytarılan vəsaitlərin yenidən işlək sahələrə yatırılmasına və bankın gəlir götürməsinə nail olacaq. Müştərilər isə hazırda dolların manata qarşı məzənnəsinin 1,70 olduğu halda, 1,40 kursu ilə borcdan can qurtarmaq şansı qazanıblar. Nəzərə alaq ki, hər dollarda 30 qəpiklik güzəşt isə az məbləğ deyil.
Məlumat üçün qeyd edək ki, “Atabank”ın problemli dollar kreditlərində həcminə görə biznes kreditləri, avtomobil və istehlak kreditləri ilk yerləri tutur.