Asiya İnkişaf Bankının (ADB) 2016-2017-ci illərdə Azərbaycanla bağlı əsas strategiyası makroiqtisadi və maliyyə sabitliyinin bərpası, iqtisadiyyatın şaxələndirilməsi və iqtisadi siyasət sahəsində islahatların dəstəklənməsi olub.
FED.az xəbər verir ki, bu barədə bankın "2011-2017-ci illərdə Azərbaycanla bağlı strateji prioritetlər hesabatı"nda bildirilib.
Sənədə əsasən, bu strategiyanın reallaşdırılması 2018-2020-ci illərdə də davam etdiriləcək.
Xatırladaq ki, ADB 2011-2015-ci illərdə infrastrukturu inkişaf etdirməklə inkluziv böyüməni, infrastrukturun inkişafı ilə iqtisadi şaxələndirməni, sosial xidmətlərə çatımlılığın genişləndirilməsini və inkişaf etdirilməsini strategiyasına daxil edib.
Hesabatda həmçinin bankın müxtəlif illərdə əsas fokuslandığı əsas sahələr də göstərilib. Belə ki, ADB 2011-2013-cü illərdə nəqliyyat, enerji və su təchizatı və kanalizasiya sahəsinə fokuslansa da, 2014-2015-ci illərdə bu sıraya şəhər infrastrukturu və xidmət sektorunun (su təchizatı və kanalizasiya, şəhər nəqliyyatı və bərk məişət tullantılarının idarə edilməsi), həmçinin enerji sektoru üzrə qaz sektoru da əlavə edilib. Son 2 ildə isə dəmir yolu da daxil olmaqla nəqliyyat, dövlətin idarə edilməsi (dövlət xərcləri və fiskal idarəetmə, dövlət müəssisələrində islahatlar, dövlət borcunun idarə edilməsi) ADB-nin diqqət yetirdiyi əsas sahələr olub.