“Azərbaycan Sənaye Bankı” ASC 2023-cü ilin II rübünün hesabatını açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri təqribən 16 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 milyon manat, yaxud 31,8% çoxdur.
Faiz xərcləri 7,9 milyon manat təşkil edib ki, bu da son bir ildə 2,6 milyon manat, başqa sözlə 50,3% çoxdur.
Beləliklə, bankın xalis faiz gəlirləri cari ilin II rübündə 8 milyon 53 min manat olub. Bu da illik müqayisə ilə 1 milyon 250 min manat, və ya 18,4% çoxdur.
Bankın qeyri faiz gəlirləri 5 milyon manat, qeyri faiz xərcləri təqribən 10,5 milyon manat təşkil edib. Gəlirlər son bir ildə 17,3%, xərclər isə 28,6% artıb.
Əmək haqqı, digər kompensiya növləri üzrə xərclər 3 milyon 26 min manat, göstərlimiş xidmətlər üzrə haqq və komissiya xərcləri 4 milyon 325 min manat təşkil edib.
Bankın əməliyyat mənfəəti isə təxminən 2,6 milyon manat olub. Bu da illik müqayisə ilə 11,3% (333 min manat) azalma deməkdir.
“Azərbaycan Sənaye Bankı” 483 min manat mənfəət vergisi ödənişindən sonra II rübü 1 milyon 979 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 34,1% azdır.
Belə ki, bank keçən ilin ilk 6 ayını cəmi 3 milyon manat mənfəətlə başa vurmuşdu.
“Azərbaycan Sənaye Bankı” ASC-nın aktivləri ilk altı ayda 707,5 milyon manat olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 40,1 milyon manata yaxın, yaxud 5,4% azalıb.
Aktivlərin 24,1 milyon manatını nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait təşkil edib.
Bankın əsas gəlir mənbəyi olan kredit portfeli 241,2 milyon manat olub. Ötən ilin sonu illə müqayisədə kredit portfelinin həcmi 442 min manat, 0,2% aşağı düşüb.
Bankın öhdəlikləri 595,7 milyon manat olub ki, bu son altı ayla müqayisədə 41,2 milyon manat, yaxud 6,6% azalma deməkdir.
“Azərbaycan Sənaye Bankıın” depozit portfeli II rübdə 436,6 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 13 milyon manat, yaxud 2,9% azdır.
“Azərbaycan Sənaye Bankı”in kapitalı 1 milyon 711 min manat, yaxud 1,6% artaraq 111,8 milyon manata yüksəlib.
Bankın bölüşdürülməmiş mənfəətinin həcmi isə 46,7 milyon manat olub. Ötən ilin sonunda isə bank 44,7 milyon manat mənfəət əldə etmişdi ki, bu da 10,4%-lik artım deməkdir.