"Əvvəlki qaydalarda kapital adekvatlığı əmsalı hesablanarkən kapitaldan aidiyyəti şəxslərə verilmiş kreditlər investisiyalar kimi kapitaldan çıxılırdı".
FED.az xəbər verir ki, bunu “Banklar və Biznes” Qəzetinə Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov deyib. O, bildirib ki, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) bankların bununla əlaqədar fikirlərini müzakirə edib və razılaşıb ki, artıq aidiyyəti şəxslərə verilmiş kreditlər birbaşa kapitaldan çıxılmasın.
ELƏCƏ DƏ BAX: Gələn ildən dollarla kreditlər – MƏHDUDLAŞDIRILACAQ
"Biz beynəlxalq təcrübəni də öyrənmişik. Bazelin bununla bağlı sadəcə tövsiyyələri var. Heç bir ölkə aidiyyəti şəxslərə verilmiş kreditləri birbaşa investisiya formasında kapitaldan çıxılmasını tətbiq etmir. Sadəcə vaxtilə Bazelin bununla əlaqədar tövsiyyələri olub. Palata da razılığa gəldi və bu çıxılmaları qaydalardan çıxardı. Kapital adekvatlığı əmsalı müəyyən olunarkən aidiyyəti şəxslərə verilmiş kreditlərin kapitaldan çıxılmaması artıq beynəlxalq aləmdə qəbul olunmuş qaydada həyata keçirilir".