VTB (Azərbaycan) Mərkəzi Bankın təkmilləşdirilmiş sürətli köçürmələr və ödənişlər sistemi olan AniPay-ə qoşulub. Xidmət QR koddan istifadə etməklə ödənişlər etməyə, o cümlədən digər bankların müştərilərinə pul köçürməyə, kommunal xərcləri ödəməyə və s. imkan verir. Vəsait bir neçə saniyə ərzində alanın hesabına köçürülür.
Eləcə də bax: VTB (Azərbaycan) nağd kredit üzrə faiz dərəcəsini 13.99%-Ə ENDİRDİ
AniPay fiziki şəxslər, müəssisələr və dövlət qurumları arasında 24/7 rejimində sürətli köçürmələr həyata keçirməyə imkan verir. Bu zaman müştəriyə alan tərəfin tam bank rekvizitlərini doldurmasına ehtiyac yoxdur. Sürətli ödəniş üçün müştərinin mobil telefon nömrəsini, şəxsi FİN kodunu və ya VÖEN-ini daxil etmək olar. Pul köçürmələrini və ödənişləri, həmçinin QR kod vasitəsilə həyata keçirmək mümkündür.
Yeni xidmətin funksionallığı müştərilərə digər istifadəçilərdən öz hesabına vəsait tələb etmək, bank filialına getmədən səhvən köçürülən pulları qaytarmaq, həmçinin eyni vaxtda bir neçə ödəniş etmək imkanı verir.
“VTB (Azərbaycan) müştərilərlə əməkdaşlıq üçün məsafəli xidmətləri aktiv şəkildə inkişaf etdirir. Rahatlıq və yüksək sürətli xidmət bizim üçün prioritetdir. AniPay-in köməyi ilə nağdsız köçürmələr və ödənişlər adi oflayn əməliyyatlar kimi təhlükəsiz olmaqla yanaşı, istifadəçilər üçün daha da asan və əlçatan olacaq. Əminəm ki, ödəniş sistemindən fəal istifadə ölkədə nağdsız ödənişlər mədəniyyətini gücləndirəcək. Biz AniPay-in imkanlarını müştərilərimiz üçün inkişaf etdirməyə davam edəcəyik, onu yeni funksiyalarla tamamlayacağıq”, - VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okaev şərh edib.