“Amrahbank” Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə yardımı edib.
FED.az xəbər verir ki, bank virusla mübarizə məqsədilə fondun hesabına 200 min manat məbləğində ianə köçürülməsinə qərar verib.
“Bir sıra iri holdinq və şirkətlər kimi “Amrahbank” da qeyd edilən məbləği Fondun hesabına köçürməyi həm də korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq özünə borc bilib”- deyə bankın məlumatında deyilir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.