Azərbaycan Mərkəzi Bankı (AMB) blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması üçün podratçıları müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
FED.az xəbər verir ki, AMB müvafiq tenderə yekun vurub.
3 lotdan ibarət açıq tenderin 1-ci (blockchain əsaslı identifikasiya sisteminin yaradılması üzrə ekspert xidmətinin cəlb edilməsi) və 3-cü (blockchain əsaslı rəqəmsal identifikasiya sisteminin yaradılması) lotları üzrə “IBM East Europe/Asia Ltd”, 2-ci lot (blockchain əsaslı rəqəmsal identifikasiya sisteminin yaradılması məqsədilə texniki platformanın satın alınaraq qurulması) üzrə isə “Sanmar Elektrik ve İnşaat Malzemeleri Sanayi Dış Ticaret Limited” şirkətləri qalib elan edilib.
"Tenderin qalibləri ilə müqavilələr imzalanıb", - deyə məlumatda bildirilir.
Tenderin şərtlərinə əsasən 1-ci lot üzrə qalib 6 ay ərzində blockchain əsaslı rəqəmsal transformasiya planı hazırlamalıdır.
2-ci lot üzrə qalib 3 ay ərzində AMB-nin binasında sistemin texniki platformasını qurmalıdır.
3-cü lot üzrə qalib 18 ay ərzində blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sistemi yaratmalıdır.*