Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən İT və İT təhlükəsizliyi üzrə yeni standartlar hazırlanıb.
FED.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasından (ABA) verilən məlumata görə, bunu "İT və İT Təhlükəsizlik üzrə Ekspert Qrupu" və "Ödəniş sistemləri və Rəqəmsal Bankçılıq üzrə Ekspert Qrupu"nun görüşü zamanı AMB-nin baş direktoru Fərid Osmanov deyib.
Eləcə də bax: Bağlanmış banklardakı pozuntuların səbəbləri - MÜZAKİRƏ OLUNUB
F.Osmanov yeni standartların hazırlanması ilə əlaqədar görülən işlər haqqında məlumat verib, tədbirdə bu istiqamətdə geniş müzakirələr aparılıb. O, bu kimi görüşlərin davam etdirilməsinin önəmli olduğunu vurğulayaraq, maliyyə sektorunun rəqəmsallaşması, əlaqədar xərclərin optimallaşdırılması, eləcə də kibertəhlükəsizliyin gücləndirilməsi ilə bağlı AMB-nin istənilən təşəbbüslərin dəstək göstərilməsinə hazır olduğunu bildirib.
Görüşdə həm Mərkəzi Bank, həm də digər dövlət qurumları ilə qarşılıqlı və sıx əlaqədə, baş verən müxtəlif kibertəhlükəsizlik və kibercinəyatkarlıq hallarının və insidentlərin vaxtında müəyyən edilməsi, sektor nümayəndələrinin məlumatlandırılması və digər aktual məsələlər də müzakirə mövzusu olub.
Qeyd edək ki, görüş zamanı İT və İT təhlükəsizlik sahəsində həyata keçirilən cari və planlaşdırılan layihələr geniş müzakirə edilib. Eyni zamanda, Mərkəzi Bank və ABA tərəfindən illik əsasda keçirilən “Fintex Sammit” və Beynəlxalq Bankçılıq Forumu çərçivəsində mütəmadi olaraq müxtəlif İT yarışların və digər əlaqədar tədbirlərin keçirilməsi də müzakirə mövzusu olub.
Müzakirə zamanı tərəflərin fikirləri və təklifləri dinlənilib, Ekspert Qrupları daxilində ümumiləşdirərək, cari ilin ikinci yarısı üzrə qrupların müvafiq fəaliyyət plana daxil edilməsi və Rəyasət Heyətinə kommunikasiya edilməsi qərara alınıb.