“Azərbaycanın maliyyə sektoru sabitdir. Bank sektorunda kompleks yoxlamalar aparırıq. Bütün banklarda qiymətləndirməni aparırıq. Bunlar hamısı Maliyyə Sabitliyi Şurasında müzakirə olunacaq”.
FED.az "APA"ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
O bildirib ki, “AtaBank”da likvidlik, maliyyə dayanıqlığı problemləri var: “Bankda ciddi problemlər var. Biz təklifləri formalaşdırmışıq. AMB Maliyyə Sabitliyi Şurasına təkliflərini təqdim edəcək”.
AMB-nin sədrinin sözlərinə görə, ümumilikdə, əmanəti olan əhali üçün heç bir qorxu yoxdur, əmanətlərin qorunması istiqamətində problem mövcud deyil: “AMB bankın əmanətçilərinin vəsaitlərinə çıxış imkanını tez bir zamanda yaratmağa çalışır”.
O həmçinin qeyd edib ki, bununla yanaşı bankda qorunmayan əmanətlər də mövcuddur: “Biz banka tövsiyə etdik ki, həmin şəxslərə bildiriş göndərilsin. “AtaBank” haqqında qərar Maliyyə Sabitliyi Şurası tərəfindən veriləcək. Düşünürük ki, bankın ödəniş qabiliyyətini itirməsi digər bank üçün reputasiya riski yaradır. Biz istəyirik ki, problem tez həll olunsun”.
E. Rüstəmov onu da bildirib ki, AMB bank sektorunun kompleks qiymətləndirilməsini aparır: “Aktivlərin böyük hissəni əhatə edən banklarda problem yoxdur. Sistem yox, nöqtəvi xarakterli problemlər var. Mən sağlamlaşdırmanı deyəndə, bu nöqtələri nəzərdə tuturdum. Maliyyə Sabitliyi Şurasında mövqeyimizi şərh edəcəyik”.