Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.
Birbank Biznes-lə sərəncam ödənişləri - DAHA ASAN VƏ RAHATDIR
AMB-dən FED.az-a bildirilib ki, növbəti uğurlu inteqrasiya işləri nəticəsində “Kapital Bank” ASC-nin “Birbank” mobil tətbiqində AÖS ilə köçürmə etmək imkanı yaradılıb. Bu funksionalın yaradılması nəticəsində “Kapital Bank” ASC-nin müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN kodu vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanını əldə edirlər. Eyni zamanda, “Birbank” mobil tətbiqi vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirmiş istifadəçilər “Kapital Bank” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN kodu ilə köçürmələri qəbul edə biləcəklər.
Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı, VÖEN və s.) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.