«AGBank» ASC 2018-ci ilin 3-cü rübünün yekunları üzrə hesabatını açıqlayıb. FED.az hesabata əsasən xəbər verir ki, ilk 9 ayda AG Bankın faiz gəlirləri 13,7 milyon manat, faiz xərcləri 13 milyon manat təşkil edib və nəticədə bankın xalis faiz gəliri 705 min manat olub.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 23 milyon 463 min manat, qeyri-faiz xərcləri isə 27 milyon 327 min manat təşkil edib. Nəticədə bankın əməliyyat zərəri 3,16 milyon manat olub.
Bundan başqa, bank, Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 2,8 milyon manat ayırma edib.
Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən xərc isə 161 min manat olub.
Nəticədə «AG Bank» 3-cü rübü 6 milyon 112 min manat zərərlə başa vurub.
Bu dövrdə bankın cəmi aktivləri 522 milyon 19 min manat olub ki, ondan 208 milyon manatı xarici valyutadadır. İlin əvvəlindən indiyədək, bankın aktivləri 33,6 milyon manat və ya 6,88% artıb.
Bankın öhdəlikləri isə 480 milyon manat olub ki, onun da 265,3 milyon manatı xarici valyutadadır. İlin əvvəlindən indiyədək bankın öhdəlikləri 38,8 milyon manat və ya 8,8% yüksəlib.
Bankın kredit portfeli 285 milyon 93 min manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 2 milyon manat artıqdır.
3-cü rübün sonuna bankın cəmi kapitalı 42 milyon 18 min manatdır.
Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 5,6%, məcmu kapitalın adekvatlıq əmsalı 7,3%, Leverec əmsalı 6,72% təşkil edib.
Xatırladaq ki, “AGBank”ın 83 səhmdarı var. Bunlar:
-
Beynəlxalq Maliyyə Korporasiyası - 4,28%
-
Kazimir Partners şirkəti - 2,45%
-
Əsədulla Çingiz (ailə üzvləri daxil olmaqla) - 33,57%
-
Yusufov Fərzulla (ailə üzvləri daxil olmaqla) - 5,79%
-
Marçenko Qriqoriy - 8.30%
-
Qalan səhmdarların (sayı 78) ümumi payları - 45,61%