«AG Bank» ASC 2019-cu ilin ilk yarısının yekunları üzrə hesabatını açıqlayıb. FED.az bankın mənfəət-zərər hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə bankın faiz gəlirləri 6 milyon 939 min manat, faiz xərcləri 10 milyon 424 min manat olub.
Bankın qeyri-faiz gəlirləri isə 14,9 milyon, qeyri-faiz xərcləri 16,9 milyon təşkil edib.
İlk yarım ilin nəticəsi olaraq bankın Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar - 4 milyon 968 min manat geri qayıdıb. Nəticədə bank ilk 6 ayı 897 min manat xalis zərərlə başa vurub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankın zərəri 6 dəfə azalıb.
Bankın Balans hesabatında bildirilir ki, ilk yarım ildə «AG Bank» ASC-ın cəmi aktivləri 471 milyon 620 min manat, öhdəlikləri 420 milyon 368 min manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə aktivlər 33 milyon manat, öhdəliklər isə 40 milyon manat azalıb.
İlk yarım ilin nəticəsi olaraq «AG Bank» ASC müştərilərinə 77,8 milyon manat kredit verib, aktivlər üzrə mümkün zərərləri qarşılamaq üçün ayırmaları (15,4 milyon manat) da nəzərə alanda bankın xalis kredit portfeli 62,4 milyon manat təşkil edib.
İlk yarım ildə fiziki şəxslərin bankdakı depozitləri 17,9 milyon manat və ya 42% artaraq 60 milyon 434 min manat təşkil edib.
Əvəzində bu dövrdə bankın cəmi kapitalı 7,4 milyon manat və ya 16,8% artaraq 51 milyon 251 min manat olub.