2022-ci ildə «AFB Bank»ın kredit portfeli kəskin artıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin sonuna bankın kredit portfeli 170 milyon 854 min manata çatıb.
Bu əvvəlki ilin sonu ilə müqayisədə 28 milyon manat və ya 19,7% artıqdır. Belə ki, 2021-ci ilin sonunda bankın ümumi kredit portfeli 142,8 milyon manat olmuşdu.
Bu dövrdə «AFB Bank»ın kredit portfelində ən böyük artım bankın biznes kreditlərində qeydə alınıb. Belə ki, 2022-ci ilin sonuna bankın biznes kreditləri 18,3 milyon manat və ya 22% artmaqla 83,4 milyon manatdan 101 milyon 674 min manata qalxıb.
Daşınmaz əmlak kreditlərində isə 14,2% və ya 6,1 milyon manat artım qeydə alınıb. Bununla da daşınmaz əmlak kreditlərinin həcmi son bir ildə 43 milyon manatdan 49 milyon 115 min manata yüksəlib.
«AFB Bank»ın istehlak kreditlərinin həcmi isə son bir ildə 3 milyon 673 min manat və ya 22,4% artaraq 16,4 milyon manatdan 20 milyon manata yüksəlib.
AFB Bankın xalis kredit portfeli isə 2021-ci ilin sonu ilə müqayisədə 29% və ya 33,6 milyon manat artıb. Belə ki, 2021-ci ilin son rübündə xalis kreditlər 115,9 milyon manat olduğu halda, 2022-ci ilin sonunda bu göstərici 149,6 milyon manat təşkil edib.