FED.az «AFB Bank»ın İdarə Heyətinin üzvü Lalə Quliyevaya ilə müsahibənı təqdim edir
- Lalə xanım, məlumdur ki, sizin ixtisasınız maliyyə-kredit mütəxəssisidir, peşə seçimində nədən məhz bu sahəyə üstünlük verdiniz və alternativ olaraq özünüzü hansı peşə sahibi kimi görə bilirsiz?
- Bəli. İxtisasca maliyyə-kredit mütəxəssisiyəm. Əvvəllər həkim olmaq istəyirdim. Lakin, X–XI siniflərdə dərk etdim ki, dövlətin güc mənbələrindən başlıcası onun iqtisadiyyatıdır. Ailədə valideynlərimin də məsləhətini nəzərə alaraq məhz İqtisad Universitetini seçdim və bu gün ixtisas seçimində yanılmadığımı dərk edirəm.
- Azərbaycan maliyyə xidmətləri bazarında nə vaxtdan çalışırsınız, bu sahədə qadın üçün uğurlu karyera qurmaq çətindirmi?
- Mən maliyyə xidməti bazarında 1995-ci ildən çalışıram. Istənilən sahədə istər kişi, istərsə də qadın olsun, karyera qurmaq üçün öncə hədəf və məqsədin, zəhmətsevərliyin, əzmkarlığın və başlıcası ömürboyu təhsil fəlsəfəsini rəhbər tutaraq öz üzərində çalışmağın vacibliyini vurğulamaq istərdim. Qadına karyera qurmaqda vacib olan məqamlardan biri də ailənin onu dəstəkləməsidir. Qadın anadır, o, eyni zamanda övladlarını cəmiyyət üçün yararlı bir insan kimi yetirməlidir. Bu sahədə valideynlərim mənə həmişə dəstək olublar.Bu gün iki övladım ali məktəbdə təhsil alır .Əminəm ki,əldə etdikləri bilik və bacarığı ölkəmizin uğurlu inkişafına sərf edəcəklər.
- Necə oldu ki, AFB Bank-la əməkdaşlığa qərar verdiniz və çalışdığınız digər qurumlardan AFB Bankı seçən nədir?
- AFB Bank 2009-cu ildə fəaliyyətə başladığı dövrdən bu bankda çalışıram. AFB Bank ölkə üzrə ən son təsis edilən bir neçə bankdan biridir. Təbii ki 10 il əvvəl yeni bir bankın yaradılması və öz komandasına peşəkar kadrları cəlb etməsi mənim də marağıma səbəb oldu. Fəaliyyətə başladığım dövrdən AFB Bankda müxtəlif rəhbər vəzifələrdə özümü sınamışam. Ölkə iqtisadiyyatını və hökümətimizin monetar siyasətini dəstəkləməklə yanaşı, daim dinamik inkişafa hədəflənmiş səmərəli və təmkinli, az riskli və ölçülü fəaliyyətə üstünlük verən AFB Bank bu gün müstəqil Azərbaycanda istənilən sferada nüfuzlu təşkilatlar, idarə və müəssisələrdə olduğu kimi peşəkar kadrlara üstünlük verir. Əsas işçi heyətin dövr etməsi ilə bağlı göstəriciyə nəzər salsaq, görərik ki,AFB Bank əməkdaşları uzun müddət bu bankda işləmələri ilə seçilir. AFB Bankda kadrların keyfiyyətliliyinin, sabitliyinin, ixtisas səviyyəsinin, peşəkarlığının bankın fəaliyyətinin səmərəlilik və gəlirliyinin vacib elementlərindən biri hesab edilməsi, təbii olaraq ,əməkdaşların loyallığı baxımından yaradılmış daxili mühitin müsbət göstəricisi kimi dəyərləndirilməlidir.
- Bu il bankın idarəetməsində dəyişiklər baş verib, fikrinizcə bu dəyişiklər onun fəaliyyətinə necə təsir göstərəcək?
- Bank rəhbərliyində baş verən dəyişiklik müsbətə doğrudur. Dəyişən bazar şərtləri istənilən biznesin bu dəyişkənliyə üzlaşmasını tələb edir. Bazarda baş verən dəyişikliklər və buna uyğun olaraq tətbiq edilməli olan yeni strategiya yeni insanların komandaya gətirilməsini şərtləndirir. Əminəm ki, yeni rəhbərliyin peşəkarlıq və kreativ düşüncə tərzi, xüsusiylə, idarəetmə sahəsində idarəetmə nəzəriyyəsi, metodları, idarəetmənin təşkili və texnikasına bələdliyi bankımızın fəaliyyətinə yüksək təsir göstərəcək.
- AFB Bankın bu il maliyyə göstəriciləri ötən illə müqayisədə necə dəyişib?
- Ümumi olaraq Bankın maliyyə dayanıqlığı güclənib. Maliyyə nəticələrini sadəcə illik mənfəət əsasında qiymətləndirsək ,ötən illə müqayisədə bu il bankın mənfəətində azalma müşahidə edilir. Lakin qeyd etmək lazımdır ki, bank biznesi bu baxımdan spesikfik sahədir. Bildiyiniz kimi, hesablama əsaslı maliyyə uçotunun ən geniş tətbiq edildiyi sahə bank sektorudur. Bu sektorda faiz gəlirlərinin uçotunun hesablama əsaslı aparılması və müntəzəm olaraq ehtiyat hesabına düzəlişlərin edilməsi bu uçotun spesifik xüsusiyyətidir. Ehtiyat ayrılmalarının qaydası tənzimləyici orqan tərəfindən konkret olaraq müəyyən edilib və müəyyən keyfiyyət və gecikmə günü parametrləri ilə tənzimlənir. Belə olduqda bank sektorunda mənfəətlilik anlayışının uzunmüddətli trend üzrə qiymətləndirilməsi daha düzgündür. Məlum olduğu kimi, ötən il AFB Bankın mənfəəti 21 milyon manat təşkil etmişdir. Aktivlər üzrə gəlirlilik göstərici üzrə müqayisə etsək, bu bank sektorunda çox böyük göstəricidir və sektorun uzun müddətli trend üzrə orta göstəricindən yüksəkdir. Bu ilin mənfəət göstəricisinin ötən ilkindən aşağı olması gözlənilir. Bunun əsas səbəbi Bankın uzun müddətli dayanıqlılığının əldə olunması üçün strateji plana müvafiq olaraq fəaliyyətin həyata keçirilməsidir.
- Növbəti ildə AFB Bankın əsas hədəfi hansı fəaliyyət seqmentlərini inkişaf etdirməkdir?
- AFB Bankın növbəti il üçün əsas hədəfi xidmət göstərdiyi korporativ və pərakəndə fəaliyyət seqmentləri üzrə yeni məhsullar təqdim etmək, rəqəmsal bankçılıq xidmətlərini təkmilləşdirmək və ümumi xidmət səyiyyəsini yüksəltməkdir. AFB Bank brendinin gücləndirilməsi və universal bankçılıq xidmətləri üzrə bazara açılışın həyata keçirilməsi də bir hədəf istiqaməti olaraq müəyyən edilib.