AFB Bank fəaliyyətinin daha da genişləndirilməsi və bazardakı mövqeyinin gücləndirilməsi məqsədilə üç mərhələdən ibarət strateji transformasiya proqramını həyata keçirir.
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib? - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Amid Qənbərov bankın "2025 ci ilin nəticələri və strateji baxış 2029" mövzusunda keçirilən tədbirdə bildirib.
O bildirib ki, yeni strategiya çərçivəsində hədəflərə çatmaq üçün 70-dən çox təşəbbüs müəyyənləşdirilib və onların icra səviyyəsini qiymətləndirmək üçün 100-dən artıq meyar formalaşdırılıb. Strateji təşəbbüslərin bankın bütün fəaliyyət istiqamətlərini əhatə edən 300-dən çox layihə əsasında həyata keçirilməsi planlaşdırılır.
Strategiya üç əsas mərhələ üzrə icra olunacaq.
Birinci mərhələ – 2025-ci ili əhatə edən “Əsasların qurulması” dövründə yüksək nəticə göstərən komandaların formalaşdırılması, yeni məhsul və xidmət modellərinin tətbiqi, rəqəmsal kreditləşmə sisteminin istifadəyə verilməsi, rəqəmsal platformaların yenilənməsi və performans idarəetmə sisteminin tətbiqi nəzərdə tutulur.
İkinci mərhələ – 2026–2027-ci illəri əhatə edən “Sürətlənmə” dövründə texnologiya və infrastrukturun modernləşdirilməsi, “phygital” filial modelinin inkişafı, strateji tərəfdaşlıqların genişləndirilməsi, müştəri yönümlü xidmətlərin gücləndirilməsi, premium bankçılıq xidmətlərinin inkişafı və brend yenilənməsi planlaşdırılır.
Üçüncü mərhələ – 2028–2029-cu illəri əhatə edən “Gələcəyə baxış” mərhələsində isə süni intellekt əsaslı həllərin genişləndirilməsi, yeni biznes istiqamətlərinin yaradılması, coğrafi genişlənmə, innovativ texnologiyalara investisiyaların artırılması və tərəfdaş platformalarda bank xidmətlərinin aktivləşdirilməsi hədəflənir.
Strategiya çərçivəsində bankın aktivlərinin həcminin 1 milyard manata çatdırılması əsas məqsədlərdən biri kimi müəyyən edilib.











