Dünyanın 121 ölkəsindən 1500 kollec və universitetin 2 milyondan çox tələbəsini bir ideya altında birləşdirən, “Tələbələr üçün Nobel Mükafatı” adı ilə məşhurlaşan “Hult Prize” yarışında komandalar ekoloji mövzuda hazırladıqları startap ideyalarını münsiflər heyətinə təqdim ediblər.
Eləcə də bax: "AFB Bank"dan FHN əməkdaşları üçün - XÜSUSİ KAMPANİYA
Münsif qismində çıxış edən “EY Azərbaycan” şirkətinin İqlim Dəyişikliyi və Davamlılıq Xidmətlərinin rəhbəri Günel Fərəcova, “Bimpact” araşdırma və konsaltinq şirkətinin rəhbəri Kənan Hüseynli, AFB Bankın Marketinq Departamentinin direktoru Səfər Aslanov, “Youth Inc.” sahibkarlıq proqramının rəhbəri Camal Ağayev, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə ekspert Əhməd Kərimov "Hult Prize" qaydalarına uyğun kriteriyalar üzrə dəyərləndirmə aparıblar.
Münsiflər heyətinin qərarına əsasən, UNEC-in SABAH Qrupları tələbələrindən ibarət “Green Brain” komandası hazırladığı “B2H Energy - Bicycle to home energy” ideyası ilə yarışın qalibi seçilib. İdeyanın əsas məqsədi yeni növ alternativ enerjini həyata keçirməkdir. Belə ki, velosipedin arxa təkərinə birləşdirilmiş xüsusi akkumulyator hərəkət zamanı enerji toplayaraq sonradan gündəlik həyatda istifadə edilə biləcək.
“Mason of ideas” və “Innovation Time” startap ideyaları isə müvafiq olaraq II və III yerin sahibi olub.
Yarışın qalib komandası ölkəmizi dünyanın 25 şəhərindən birində keçiriləcək regional finalda təmsil etmək hüququ qazanıb.
Qeyd edək ki, UNEC-də keçirilən yarış zamanı qeydiyyatdan keçən komandalara UNEC Yunus Sosial Biznes Mərkəzinin rəhbəri Fəridə Əsgərzadə və Karyera Mərkəzinin rəhbəri Ramil Cabbarov tərəfindən mentorluq xidməti göstərilib.