25 aprel 2025-ci il, Bakı – AFB Bank əməkdaşları Abşeron rayonu, Müşfiqabad qəsəbəsində keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında fəal iştirak edərək, yaşıllıqların salınmasına və təbiətin bərpasına dəstək verdilər.
FED.az xəbər verir ki, AFB Bank-ın müxtəlif şöbə və bölmələrindən olan əməkdaşlar aksiya çərçivəsində iqlimə uyğun ağacların əkilməsi və suvarma sisteminin qurulması işlərinə birgə cəlb olunaraq fiziki əməyə öz töhfələrini verdilər. Beləliklə, bank yaşıl zolaqların genişləndirilməsi təşəbbüsünün uğuruna mühüm dəstək göstərmiş oldu.
Tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində keçirilmişdir. Memorandumun əsas məqsədi növbəti on il ərzində Azərbaycanda böyük miqyasda yaşıllaşdırma işlərinin aparılması və meşə fondunun genişləndirilməsidir.
AFB Bank olaraq, ətraf mühitin qorunması və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyimizi bundan sonra da davam etdirəcəyik. Bu il Abşeron rayonunda planlaşdırılan əlavə yaşıllaşdırma təşəbbüslərində də fəal iştirak edərək ölkəmizin yaşıl gələcəyinə öz töhfəmizi artırmağı hədəfləyirik.