Azərbaycanın aparıcı banklarından olan «AFB Bank» 2021-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
Eləcə də bax: Azərbaycan bankları 3-cü rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilk 9 ayda bankın faiz gəlirləri 12 milyon 682 min manat olub. Bunun böyük hissəsi – 9,2 milyon manatı kredit portfelindən gələn gəlirlərdən, 3,3 milyon manat isə qiymətli kağızlardan əldə edilib.
Kreditlərdən daxil olan vəsait iki dəfə azalsa da, qiymətli kağızlardan əldə edilən gəlir 83% artıb.
Bankın faiz xərcləri isə 1,2 milyon manat olub – ötən ilin eyni dövründə bu məbləğ 300 min manat artıq idi. Faiz xərclərinin 155 min manatı əmanətlər üzrə faizlərə, 1 milyon 56 min manat isə bankın götürdüyü kreditlər üzrə faiz ödənişlərinə sərf edilib.
Nəticədə bank dövrü 11 milyon 471 min manat xalis faiz gəliri ilə başa vurub.
«AFB Bank»ın qeyri-faiz gəlirləri təqribən 300 min manat və ya 6% artaraq 5,9 milyon manata çatıb. Bunun 3,9 milyon manatı haqq və komissiya gəlirlərinin payına düşür. Daha 1,7 milyon manatı isə bank valyuta əməliyyatlarından qazanıb.
Hesabat dövründə «AFB Bank»ın qeyri-faiz xərcləri 10 milyon 471 min manat təşkil edib. Bank ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-faiz xərclərini təqriğən 2 milyon manat və ya 12% azaldıb. Əmək haqlarına 3,9 milyon manat, inzibati xərclərə 3,8 milyon manat sərf edilib.
Beləliklə, bank 3-cü rübü 6,5 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Daha 2,2 milyon manat isə əvvəllər ayrılmış ehtiyatlardan geri çəkilib. Nəticədə «AFB Bank»ın xalis mənfəəti 8 milyon 676 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə artıqdır – ötən il xalis mənfəətə 1 milyon 775 min manat olmuşdu.
2021-ci ilin 3-cü rübünün nəticələrinə görə, «AFB Bank»ın aktivləri 273 milyon manat təşkil edib. Bunun böyük hissəsi – 155,8 milyon manatı kredit portfelinin payına düşüb.
«AFB Bank»ın kredit portfelini böyük hissəsi biznes kreditlərinin payına düşür – 92,5 milyon manat. İstehlak kreditləri cəmi 19 milyon manat, daşınmaz əmlak kreditləri isə 43 milyon manat təşkil edib.
«AFB Bank» qiymətli kağızlara investisiyaları təqribən 2 dəfə artıraqaq 30 mmilyon manata çatdırıb.
Bankın öhdəlikləri isə 3-cü rübün sonuna 187 milyon manat təşkil edib. Bu dövrdə bankın depozit portfeli 3 milyon manat və ya 2,7% artaraq - 113,7 milyon manata yüksəlib. Fiziki şəxslərin əmanətləri 26 milyon manat, hüquqi şəxslərin depozitləri isə 14 milyon manat və ya təqribən 20% artaraq 87,4 milyon manata yüksəlib.
3-cü rübün nəticələrinə görə, bankın kapital mövqeyi güclənib – ilin əvvəlindən indiyədək kapital 9 milyon manat artaraq 77 milyon manatdan 85,8 milyon manata yüksəlib. Bunun 14 milyon manatı bölüşdürülməmiş mənfəətdir.