Azərbaycanın ən aktiv banklarından olan “AFB Bank” ASC ölkədə kadr potensialının daha da artırılması, o cümlədən savadlı gənclərin yetişdirilməsi istiqamətində həyata keçirdiyi dəstək proqramlarını uğurla davam etdirir.
FED.az xəbər verir ki, bu işlərin davamı olaraq , bankın təşəbbüsü ilə “Təcrübə proqramı” adlı layihə çərçivəsində “AFB Bank” ASC ilə “Qərbi Kaspi Universiteti” arasında əməkdaşlıq memorandumu imzalanıb.
Müqaviləni “AFB Bank”ASC tərəfindən İnzibati İdarəetmə Strukturunun direktoru Hafiz İbrahimov və “Qərbi Kaspi Universiteti”nin I prorektoru Zemfira Məmmədova imzalayıb. Memoranduma əsasən, “Qərbi Kaspi Universiteti”nin yuxarı kurs tələbləri “AFB Bank”ın həyata keçirdiyi “Təcrübə proqramı”nda yaxından iştirak edəcəklər. Məqsəd bu proqrama qatılan tələbələri və məzunları bankın peşəkar işçi heyəti tərəfindən real iş həyatı ilə yaxından tanış edərək, onların bu sahədə bilik və bacarıqlarını daha da artıraraq cəmiyyətə savadlı kadr yetişdirməkdir.
Tədbirdə çıxış edən “AFB Bank”ın nümayəndəsi,İnzibati İdarəetmə Strukturunun direktoru H.İbrahimov “Təcrübə proqramı” ilə yanaşı bankın bazardakı mövqeyindən və indiyədək bank tərəfindən həyata keçirilən uğurlu sosial layihələrdən danışıb. H.İbrahimov bildirib ki, sözügedən layihənin həyata keçirilməsində bankın iki məqsədi var: “Birinci məqsədimiz tələbələrə, məzunlara bu layihə vasitəsilə dəstək olaraq onları cəmiyyətə savadlı kadr kimi yetişdirmək, ikinci məqsədimiz isə xaricdə təhsil alan tələbəbələri bu kimi layihələrə cəlb etməkdir. İndiyədək bu proqrama 40 tələbə cəlb olunub. Bu tələbələrdən artıq 10 nəfəri işə qəbul edilib. Əminik ki, bankımız tərəfindən həyata keçirilən bu layihə uzunmüddətli, səmərəli və faydalı olacaq”.
Tədbirdə “Qərbi Kaspi Universiteti”nin I prorektoru Z.Məmmədova bankın cəmiyyət üçün faydalı layihə ilə bağlı təşəbbüsünü yüksək dəyərləndirib. “AFB Bank” tərəfindən tələbə və məzunlara göstərilən dəstəyə görə bankın rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.