Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) bu il Azərbaycanda ÜDM-in 1,1% azalacağını proqnozlaşdırır. "APA-Economics" xəbər verir ki, bu barədə bankın açıqladığı "Asian Development Outlook 2017" adlı hesabatında deyilir.
Ötən il dərc olunan hesabatda ADB 2017-ci ildə Azərbaycanda 1%-lik artım proqnozlaşdırıb.
Bununla yanaşı, "Asian Development Outlook 2017"-də qeyd edilib ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1,2% böyüyəcək.
Bankın proqnozlarına əsasən, 2017-ci ildə Azərbaycanda inflyasiya 9% (bundan əvvəl proqnoz 5,2% üzərində qurulub), 2018-ci ildə isə 8% təşkil edəcək.
ADB 2017-ci ildə Azərbaycanın tədiyə balansının profisitinin ÜDM-in 5,9%-nə (bundan əvvəl proqnoz 1,5% olub), 2018-ci ildə isə 11,4%-nə bərabər olacağını proqnozlaşdırır.
Azərbaycan hökuməti 2017-ci ildə ÜDM-in 1% artacağını, orta illik inflyasiyanın 7,3% təşkil edəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycanın ÜDM-i 3,8% azalıb, inflyasiya 12,4% təşkil edib.