Ukraynanın dövlət bankı olan "PrivatBank"ın İdarə Heyətinin sədri vəzifəsinə Rayner Müller-Hanke təyin oluna bilər.
Cari ilin iyul ayının sonunadək bu vəzifəni Aleksandr Şlapak tutub.
R. Müller-Hankenin İdarə Heyətinin sədri vəzifəsinə namizədliyini isə Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə direktoru Fransis Malij irəli sürüb.
"Ukraynalı bankirlər bu vəzifəyə o qədər də can atmırlar. "PrivatBank"ın rəhbəri olmaq "elektrik stul"una oturmaq deməkdir", - deyə Ukrayna mətbuatı yazır.
Qeyd edək ki, R. Müller-Hanke 2014-cü ilin mart ayından etibarən "AccessBank"ın Müşahidə Şurasının üzvüdür. O, Mərkəzi və Şərqi Avropa ölkələrində bankçılıq sahəsində 10 ildən artıq iş təcrübəsinə malikdir. Rusiyada "Intesa Sanpaolo" qrupunun bankı olan "KMB Bankı"nın baş direktoru (1999-2009) və Ukraynadakı "Swedbank" bankının baş direktoru (2009-2013) vəzifələrində çalışıb.
Bankir Azad Berlin Universitetinin (Freie Universität Berlin) iqtisadiyyat üzrə magistr dərəcəsinə layiq görülüb, Heydelberq və Madrid Universitetlərində iqtisadi təhsil alıb.