AccessBank-ın elan etdiyi Tələbə Təqaüd Proqramının 2-ci seçim mərhələsinə yekun vurulub. Bu mərhələdə proqrama qatılan tələbələrdən məntiq imtahanı götürülüb. 350 tələbənin iştirak etdiyi imtahanda növbəti mərhələyə keçid balı kimi 31 bal təyin edilib.
İmtahanın nəticələrinə əsasən, 119 tələbə 31 bal və daha yüksək göstərici ilə növbəti mərhələyə keçib. 2-ci mərhələnin nəticələri bankın saytında yerləşdirilib. 3-cü mərhələyə keçən iştirakçıların adları göy rənglə qeyd edilib.
Bundan başqa, növbəti imtahanın vaxtı da tələbələrin adlarının qarşısında göstərilib. İmtahan Tbilisi pr., 3 ünvanında yerləşən AccessBank-ın baş ofisində keçiriləcək.
Qeyd edək ki, 3-cü mərhələ müxtəlif mövzularda ingilis dilində esselərin yazılmasından ibarət olacaq. Hər bir tələbə təqdim olunan 3 mövzudan istənilən birini seçərək yaza bilər. İmtahanın müddəti 1 saatdır. İmtahana gələn tələbələrdən şəxsiyyət vəsiqəsini və ya tələbə biletini götürmələri
xahiş olunur.
AccessBank-ın Tələbə təqaüd proqramının növbəti mərhələsinə keçənlərin adları açıqlanıb
11:53
29 Noy 2018