AccessBank 2018-ci ilin birinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, bankın maliyyə hesabatına əsasən, rübün sonuna depozit portfeli 428,196 milyon manata çatıb.
Portfeldə nəzərə çarpan artım müşahidə olunur ki, bu da müştərilərin banka göstərdiyi etimadın göstəricisidir. Belə ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə depozit portfeli 126,401 milyon manat və ya 41,88% artıb. Bununla yanaşı, portfel ilin əvvəlinə olan göstəricidən də 28,381 milyon manat və ya 7,1% çoxdur.
31 mart 2018-ci il tarixində AccessBank 824 milyon 979 min manat cəmi aktivlər və 764 milyon 908 min manat cəmi öhdəliklərə malik olub. Diqqət çəkən odur ki, qeyd olunmuş tarixə bankın ani likvidlik əmsalı 117,44% təşkil edib. Bu isə bankda kifayət qədər likvid vəsaitin olması deməkdir.
Maliyyə göstəricilərini şərh edən İdarə Heyətinin sədri və baş meneceri Rolf Reyxardt bildirib ki, bank 2018-ci ilə olduqca optimist köklənib: "Bundan öncə də bəyan etdiyimiz kimi, yaxın zamanda bankımız kapitalını artıracaq. Səhmdarlarımızın son yığıncağında kapitallaşmaya dair qərar verilib. Kapital artımı həm cari, həm də yaxın gələcəkdəki fəaliyyətimizin genişləndirilməsinə təkan verəcək. Artıq bir müddətdir ki, vəziyyətin stabilləşdiyini, kreditləşmədə aktivliyin artmasını müşahidə edirik. Son dövrdə bankımız həm kreditləşmədə, həm də bank əməliyyatları sahəsində olduqca yüksək nəticələr əldə edib. Bu müsbət dinamikaya əsaslanaraq bu illə bağlı olduqca pozitiv proqnozlarımız var. Əminəm ki, cari strategiyamız bizim müştərilərimizlə birgə inkişaf etməyimizə səbəb olacaq".
"AccessBank"ın nizamnamə kapitalı 140,25 mln. manat təşkil edir. Səhmlərin 100%-i xarici kapitaldan ibarətdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bankın səhmdarları bunlardır: Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - "Kreditanstalt für Wiederaufbau" (20%), "Access Microfinance Holding AG" (16,53%) və "LFS Financial Systems GmbH" (3,47%).
AccessBank-ın maliyyə vəziyyəti məlum oldu
17:46
30 Aprel 2018