Anar Həsənov AccessBank-ın İdarə Heyətinə sədr təyin olunub.FED.az banka istinadən xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası A.Həsənovun bu vəzifəyə təyin olunması bağlı ünvanladığı müraciətə müsbət rəy verib.
Xatırladaq ki, bir müddət öncə AccessBank-ın səhmdarlarının növbəti ümumi yığıncağında qəbul olunan qərara əsasən, A. Həsənov bu vəzifədə Rolf Reyxardtı əvəzləyib.
A. Həsənov bu təyinatadək AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) vəzifəsində çalışıb.
Qeyd edək ki, ölkənin ən təcrübəli bankirlərindən olan cənab Həsənov 15 ildən çoxdur ki, AccessBank-da çalışır. Belə ki, o, AccessBank yarandığı gündən mikrokreditləşmə üzrə mütəxəssis qismində karyerasına başlayıb. Daha sonra baş kredit mütəxəssisi vəzifəsinədək yüksəlib və yeni yaradılmış Kiçik və Orta Biznes Departamentinə keçib. A.Həsənov 2006-cı ilin iyul ayında Pərakəndə Bankçılıq Departamentinin rəhbəri vəzifəsinə təyin olunub, 2007-ci ilin sentyabr ayında isə İdarə Heyətinin üzvü seçilib. Cənab Həsənov 2013-cü ilin sentyabr ayından AccessBank-ın İdarə Heyətinin sədr müavini, 2017-ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) vəzifəsinə təyin olunub.
Əlavə edək ki, Anar Həsənov İstanbul Universitetinin İqtisadiyyat fakültəsində “Maliyyə” istiqaməti üzrə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində “Bank işi və kredit” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Bununla yanaşı, A.Həsənov Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib.