Azərbaycanda biznesin maliyyələşdirilməsi üzrə aparıcı banklardan olan «Accessbank» 2020-ci ili mənfəətlə tamamlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, hesabat ilində bankın faiz gəlirləri 94 milyon 227 min manat təşkil edib. Bu əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə cüzi azdır.
Faiz gəlirlərinin böyük hissəsi - 91 milyon 878 min manatı müştərilərə verilən kreditlərdən əldə edilən faizlərin payına düşüb.
Banklar və digər maliyyə institutlarındakı depozitlər «Accessbank»a 1,12 milyon manat, qiymətli kağızlara yatırımlar isə 1,16 milyon manat gəlir gətirib.
Bankın faiz xərcləri isə 44 milyon 509 min manat olub. Bu əvvəlki illə müqayisədə 3,2 milyon manat azdır.
Ötən il «Accessbank» burada əmanəti olan şəxslərə 33 milyon 854 min manat faiz ödəyib.
Cəlb edilən kreditlərə görə ödənilən faizlər 10,4 milyon manat təşkil edib.
Nəticədə 2020-ci ildə bankın xalis faiz gəliri 49 milyon 718 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 1,6 milyon manat və ya 3,3% artıqdır.
Ötən il «Accessbank»ın qeyri-faiz gəlirləri
9 milyon 543 min manat, qeyri-faiz xərcləri isə 57 milyon 247 min manat təşkil edib.
Nəticədə bankın əməliyyat mənfəəti 2 milyon manatı keçib. Xatırladaq ki, ötən il bu göstərici mənfidə idi.
Hesabat ilində bank mümkün zərərlərin qarşılanması üçün yaradılan ehtiyatlardan 607 min manatını geri çəkib, nəticədə ili 2 milyon 621 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, «Accessbank» 2019-cu ili 89,7 milyon manat böyük zərərlə bitirmişdi.
Hesabat dövründə «Accessbank»ın aktivləri 855 milyon 854 min manat, müştərilərə verilən kreditlər
502 milyon 582 min manat təşkil edib.
2020-ci ilin yekununa görə, «Accessbank»ın biznes kreditləri 442,4 milyon manat, istehlak kreditləri 52,8 milyon manat, ipoteka kreditləri isə 7,3 milyon manat təşkil edib.
Ötən il bankın öhdəlikləri 760 milyon manatı keçib.
Bunun 627,6 milyon manatı depozitlərin payına düşüb. İlin sonuna bankda fiziki şəxslərin əmanəti 497 milyon manat, hüquqi şəxslərin depozitləri isə 22%-dən çox artaraq 130,5 milyon manata yüksəlib.
Hesabat ilində «Accessbank»ın kapitalı 1,5 milyon manat və ya 1,6% artaraq 95,8 milyon manata yüksəlib.